İsa Qəmbər öz postunda qalmaqda iddialıdır
Son günlər müxalifətin radikal qollarını bölüşən Müsavat partiyasını qurultay məsələsi qarışdırıb. Belə ki, artıq uzun müddətdən bəri müxtəlif bəhanələrlə baş tutmayan qurultayın növbəti keçirilmə tarixinin müəyyənləşdirilməsi partiya daxilində yeni başqanlıq postu uğrunda amansız mübarizəyə təkan verib. Hətta son vaxtlarda qruplaşmalar arasında qarşıdurmaların yaşanması daha ciddi xarakter alıb və iddialı müsavatçılar bir addım da olsa, bir-birlərinin xeyirlərinə görə geriyə addım atmayacaqlarını açıq-aşkar sərgiləyirlər.
Daha bir maraqlı məqam isə yaşlı müsavatçılarla rəqabətə girmək istəyən gənclərdir. Hansı ki, partiyadakı anti-demokratik mühit iddialı gəncləri dalana sıxışdırıb. Daha dəqiq desək, başqanlığa iddialı olan gənclər kəskin təzyiqlərlə qarşı-qarşıya qalmaqdadırlar. Buna misal kimi partiyanın gənclər təşkilatında keçirilmiş seçkilərin hazırkı durumda da qalmaqalla davam etməsini göstərmək mümkündür. Artıq belə qənaətə gəlmək olar ki, Müsavat partiyasının gənclər təşkilatı parçalanmış vəziyyətdə fəaliyyət göstərir. Çünki veteran müsavatçılar öz maraqlarının təmin olunması üçün məhz gənclərdən istifadə edirlər.
Əslində baş verənlər və perspektiv gözləntilər qurultayın keçirilməsində maraqlı olmayanların partiyada çoxluq təşkil etməsidir, daha düzgün desək, daha güclü olması. Belə ki, mövcud vəziyyəti təhlil etdikdə, Müsavatın qurultayının keçirilib-keçirilməyəcəyinin heç nəyi dəyişməcəyi qənaətini yaradır. Lakin prosedura görə, qurultay mütləq baş tutmalıdır, bir qədər gec olsa da.
"İsa Qəmbər iki ildən artıqdır ki, qanunsuz olaraq partiyanı yönləndirməkdədir"
Məsələ ilə bağlı "Səs" qəzetinə münasibət bildirən millət vəkili Zahid Oruc hesab edir ki, Müsavat faktiki olaraq qurultay ətrafında cəmiyyətin diqqətini özünə cəlb etmək üçün kampaniya aparır: "Qurultay bir gün çəkəcək, onun keçirilməsinə hazırlıq isə, illəri əhatə etməkdədir. Bu, ayrı-ayrı ölkələrdə sınaqdan çıxmış siyasi texnologiyadır. Faktiki olaraq belə şəraitdə İ.Qəmbər öz başqanlığını davam etdirir. Vaxtilə isə, partiyada daxili qüvvələrin səsini idarəçilikdə tanımaq istəyərək, rəhbərlik üçün zaman limiti qoymuşdular. Yəni İ.Qəmbər iki ildən artıqdır ki, qanunsuz olaraq partiyanı yönləndirməkdədir. Lakin başqa bir şəraitdə bundan nə fayda götürə bilərlər?"
Millət vəkili qeyd edib ki, Müsavat onsuz da, cəmiyyət həyatında o qədər də ciddi qüvvələr sırasında deyil: "Əlbəttə ki, müəyyən bir partiya strukturu yaradıblar, köhnədən gələn ayrı-ayrı qüvvələr onların daxilində qalmaqda davam edir. Lakin İ.Qəmbər özü bir şəxs olmaq etibarilə, cəmiyyət həyatında daim yaşanan, sezilən mühüm mövqelərin sahibi deyil. Belə demək mümkündürsə, sədrin, liderin və ya başqanın gücü ondan ibarət olmalı idi ki, o qüvvələr üzərində böyük gücə malik olsun. Qərb partiya təcrübəsində məhz belədir. Orada sərt strukturlaşma və ya üzvlük məsələsi yoxdur ki, bir partiyanın gücü onun yüz minlərlə üzvü ilə ölçülsün. Orada vacib olan, kimin ideyasının cəmiyyətdə nə qədər aparıcı olmasıdır".
Hazırkı şəraitdə başqan və onun əsas tərəfdarları Müsavatın qurultayının vaxtını yubatmaqla, İsa Qəmbərin 2015-ci ildə keçiriləcək parlament seçkisinə aparan yolunu qısaltmaq istəyirlər. Bir sözlə, partiyada qurultay adıyla yeni siyasi oyunlar baş verir.
R.Hüseynova