"Azərbaycan-Türkiyə münasibətləri təkcə ikitərəfli hüquq müstəvisində deyil, eyni zamanda iki dövlətin vətəndaşlarının və iki qardaş xalqın tarixi, mədəni əlaqələri üzərində qurulub. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Türkiyə əlaqələrini "iki dövlət, bir millət" münasibətləri müstəvisində dəyərləndirirdi". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Azərbaycan-Türkiyə əlaqələrindən danışarkən deyib.Siyasi şərhçinin sözlərinə görə, iki ölkənin münasibətləri eyni zamanda Türk dünyası birliyi üçün hər zaman bünövrə rolunu oynayıb: "Bununla belə bu əlaqələr model olaraq digər Türk dövlətlərinin də bu əməkdaşlıq prosesinə cəlb olunması üçün fundamental baza rolunu yerinə yetirir. Hətta azərbaycanla Türkiyənin birlikdə həyata keçirdiyi ortaq layihələr – enerji, mədəniyyət və s. vardır. Bildiyiniz kimi, mütəmadi olaraq Türkiyənin Bodrum şəhərində Türk Dünyası Əməkdaşlıq Şurasının toplantısı keçirilir. Bu toplantı ona görə əlamətdardır ki, artıq bu prosesə Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov da qatılıb.Güman edirəm ki, müəyyən bir zaman ərzində Özbəkistan dövləti də bu prosesə qoşulacaq. Keçirilən görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində razılıq əldə olunub. Əsas razılıqlar isə enerji, nəqliyyat və mədəniyyət sahəsindədir. Hər üç sahə faktiki olaraq bugünki Türk dünyası işçilərinin əhəmiyyətli hissəsidir. Enerji sahəsində həm Azərbaycan, həm Türkmənistan, həm də Qazaxıstan ciddi resurslara malikdir və Türkiyədə tranzit rolunu yerinə yetirir. Ümumiyyətlə Türk dünyası çox böyük perspektivi olan bir coğrafiyada yerləşir. Xüsusilə də bu coğrafiyada Orta Asiyanı Türkiyə və Avropa ilə bağlayan Azərbaycan çox mühüm əhəmiyyətə malikdir".
sia.az