Bələdiyyə seçkiləri ərəfəsi müxalifət düşərgəsində vəziyyət yenidən gərginləşməkdədir. Xüsuslə, qarşılıqlı ittihamlar çərçivəsində inkişaf edən ziddiyyətlər daha çox xatırlatmalarla diqqəti cəlb edir. Daha dəqiq desək, bu gün seçkilərdə qələbə qazanmaq uğrunda bir-birlərinə güzəştə getməyən "liderlər" vaxtilə onlarla hərəkatda olmuş şəxslər tərəfindən haqlı qınaq obyektinə çevrilməkdədirlər. Daha dəqiq desək, açılmayan düyünləri açıb tökürlər.
Bu dəfə "liderlərə" qarşı çıxan keçmiş müdafiə naziri, "Şuşa işğal olunarsa, başıma güllə çaxacam" bəyanatını verən, lakin bu sözünə əməl etməyə cürəti, iradəsi çatmayan Rəhim Qazıyev olub. Belə ki, bu günlərdə R.Qazıyev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin ünvanına ağır ittihamlar irəli sürüb, onları bir sıra günahlarda ittiham edib. O, eyni zamanda "liderləri" debata da dəvət edib. "Cəbhə" və Müsavat rəhbərlərini debata dəvət edən eks-nazir iddialarını sübuta yetirməsə hətta qulaqlarını da kəsəcəyini vəd edib: "Mən nə İsa Qəmbəri, nə də Əli Kərimlini dəstəkləyirəm. Bu insanlar ancaq öz maraqları naminə çalışırlar, onları nə xalq, nə də millət düşündürür. Problemlər qalıb qıraqda, bunlar aralarında bir-birlərini qırırlar ki, birinci mənəm. Əlini tərifləyən kimi Müsavat başlayır qırğın salmağa, İsanı tərifləyən kimi isə cəbhəçilər aranı qarışdırır. Bu insanlar heç vaxt bir olmayıblar, olan da deyillər".
Hər iki müxalifət "liderinə" tarixi həqiqətləri xatırladan R.Qazıyev onları vaxtilə öz liderlərinə qarşı xəyanətdə suçlayıb: "İsa Qəmbər də, Əli Kərimli də Əbülfəz Elçibəyi özlərinə müəllim, yol göstərən seçmişdilər. Əlinin də, İsanın da, Mirmahmudun da başının üstündə Elçibəyin şəkli var. İsa Qəmbər 2000-ci ildə Elçibəyin tabutunun qarşısında baş əyirdi, amma 1998-ci ildə seçkilərdə geri durmadı ki, Əbülfəz bəy, gəl, sən önə keç. İsa Qəmbər vahid komandanı parçaladı. Gəlsinlər, oturaq bir yerdə görüşək, bu sözləri üzlərinə də deməsəm, sübut eləməsəm, qulaqlarımı kəsərəm. Bunlar 20 ildir millətdən nə istəyirlər? 2003-cü ildə mən həbsxanada olanda İsa Qəmbər xalqın qarşısında bildirdi ki, "siz mənə səs verin, sizi müdafiə eləmək mənlikdir". Camaat meydana çıxanda İsa getdi, evində oturdu. Mənim o yaşım deyil ki, nəyisə gopa basım".
Göründüyü kimi, hər seçkiərəfəsi müxalifət liderləri "düz yolda" olduqlarını sübut etməklə xalqın dəstəyini qazanmaq istəyirlər. Ancaq xalq kimin düz, kimin yalan danışdığını görüb, bilir və bundan sonra kimlərinsə göpa basdığını siz müxalifət "liderləri" özünüzə açıqlaya bilərsiniz. Necə deyərlər, artıq sizin qatarınız çoxdan gedib. Məhz ona görə də belə qənaətə gəlmək olar ki, əgər hər iki "lider" bu dəfə Rəhim Qazıyevlə debata getsə, qulaqlarını kəsməyə ehtiyac qalmayacaq.
R.HÜSEYNOVA