PDF Oxu

Müxalifət

  • 26

"Milli Şura" - rüsvayçı sonluq reallığı

"Milli Şura" - rüsvayçı sonluq reallığı

Qurum daxilində Cəmil Həsənliyə qarşı kampaniya start götürüb

Böyük səs-küylə yaradılan "Milli Şura"nın prezident seçkilərindən sonra davam edən ağır məğlubiyyət sindromu rüsvayçı sonluğa doğru yaxınlaşmaqdadır. Belə ki, hələ seçkilərdən öncə AXCP sədri Əli Kərimlinin Müsavat başqanı İsa Qəmbərlə apardığı mübarizə və həmin mübarizədən doğan barışmaz savaş faktoru da öz nəticəsini verməkdədir. O da sirr deyildi ki, "Milli Şura" amili daha çox Əli Kərimliyə lazım idi. Məqsəd Müsavat partiyasını sıxışdıraraq sıradan çıxarmaq, ana müxalifət statusuna yiyələnmək idi ki, AXCP sədri müəyyən mənada buna nail oldu. Ancaq digər tərəfdən, sonrakı proseslər heç də onun arzuladığı kimi davam etmədi. Artıq bu gün Cəmil Həsənli amilində nə qədər yanıldığını sezməyə başlayan Əli Kərimli indi də öz əlaltıları vasitəsilə "Milli Şura" sədrinə qarşı gizli kampaniyaya start verib.

AXCP-nin "Milli Şura" vasitəsilə ana müxalifətə çevrilməsi baş tutmayıb

Digər tərəfdən, bu gün "Milli Şura"da təmsil olunmayan bir sıra şəxslərin də adıçəkilən qurumdan istefaları sözügedən rüsvayçı sonluğa kifayət qədər təkan vermiş olub. Məsələn, Müsavatın ardınca "El" hərəkatı təmsilçilərinin qurumu tərk etmələri, onlardan sonra Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP-nin də eyni mövqedə dayanması Əli Kərimlinin bütün planlarının üzərindən çalın-çarpaz xətt çəkmiş oldu. Çünki baş verən olaylardan sonra cəmiyyətə, siyasi ictimaiyyətə də bəlli oldu ki, AXCP-nin "Milli Şura" vasitəsilə ana müxalifətə çevrilməsi baş tutmayıb. Daha dəqiq desək, Əli Kərimlinin Cəmil Həsənlini siyasi lider kimi önə çəkmək planının iflasa uğraması nəticədə AXCP sədrinin də özünə ciddi zərbə kimi dəydi.

Artıq bunu anlayan Əli Kərimli indi də Cəmil Həsənlidən xilas olmağın yollarını axtarıb-aramaqdadır. Bu gün açıq şəkildə göstərilməsə də, Cəmil Həsənli "Milli Şura"da arzuolunmaz şəxs kimi qalmaqdadır. Bunu Qərb siyasi dairələrinin Azərbaycana səfər etmiş siyasilərinin də addımlarından görmək mümkün oldu. Məsələn, Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı, onun Cəmil Həsənli ilə görüşməməsi deyilənləri təsdiq edir. Göründüyü kimi, AXCP-nin xarici siyasi dairələrə ana müxalifət lideri kimi sırıdığı Cəmil Həsənli amili Qərb üçün, ümumiyyətlə maraqlı deyildir.

"Azadlıq" qəzeti bir neçə gündür ki, Cəmil Həsənlinin buraxdığı səhvləri ictimailəşdirir

Məhz bu səbəbdən, Əli Kərimlinin Cəmil Həsənliyə qarşı kampaniya başlatması açıq olaraq görünməkdədir. Məsələn, AXCP-nin mətbu orqanı kimi tanınan "Azadlıq" qəzeti bir neçə gündür ki, Cəmil Həsənlinin buraxdığı səhvləri ictimailəşdirir. Cəmil Həsənlinin son müsahibəsində səsləndirdiyi "Söz, sənət, ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil" fikri müxalifət düşərgəsində ciddi narazılıq yaradıb. Müsavatçı yazarlardan biri buna "Sən elə yaxşı ki, seçilmədin" reaksiyasını verib. "Azadlıq" qəzetində isə köşə yazarlarından birinin yazısında "Milli Şura" sədrinin bu fikri ciddi olaraq təftiş, daha sonra isə tənqid olunub. Göründüyü kimi, Cəmil Həsənli növbəti dəfə düzgün ifadə səsləndirməyib və özünün siyasətçi olaraq naşı olduğunu göstərib. Başqa tərəfdən, özünü "siyasi lider" kimi sırıyan fərd bu cür fikirlər səsləndirməməli idi. Əgər bunu edibsə, demək onun, ümumiyyətlə siyasət terminindən xəbəri yoxdur. Beləliklə, "Milli Şura"nın rüsvayçı məğıubiyyət sindromuna təkan verən Cəmil Həsənli faktoru bu xəstəliyi daha da azğınlaşdırdı.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər