Partiyadaxili vəziyyət getdikcə mürəkkəbləşir
Müsavatdaxili gərginlik get-gedə şiddətli hal almaqda davam edir. Belə ki, sonuncu dəfə may ayında keçiriləcəyi bəyan edilən qurultayın növbəti dəfə təxirə salınması təşkilatda fəaliyyət göstərən funksionerlər arasındakı qarşıdurmaları da intensivləşdirib. Beləliklə, baş verənlərdən də kifayət qədər aydın görünür ki, qurultayın keçirilməməsində hakimiyyəti günahlandıran müsavatçı yetkililər, əslində bu vasitə ilə partiyadaxili münasibətləri ictimai rəydən gizlətməyə çalşırlar. Çünki ilk görünən də budur ki, Müsavatda İsa Qəmbərin getməyini istəməyənlər və bu istəyin əleyhdarları mövcuddur. Nəticə etibarilə başqanlığa iddialı olanlar da bu fürsətdən istifadə edərək, qruplar halında bir-birlərinə qarşı kəskin mübarizə aparmaqdadırlar.
Digər tərəfdən, başqan İsa Qəmbər də bütün bunlardan yararlanaraq, qurultayın tezliklə keçirilməsində problemlərin baş qaldıracağını bəyan edir. Daha dəqiq desək, o, guya qruplararası qarşıdurmaların səngiməsi üçün qurultayın vaxtının gecikdirməsi tərəfdarı olduğunu deyir. Ancaq başqanın hələ də öz postunda qalması baqşa tərəflərə də yozulur. Məsələn, iddia edilir ki, əgər İsa Qəmbər bu ərəfələrdə postundan getsə, hazırda münasibətləri düşmənçilik müstəvisinə qədər inkişaf etmiş AXCP Müsavata qarşı həmlələrini daha da artıracaq. Yeni seçiləcək istənilən başqan isə Əli Kərimlinin siyasi bicliyi qarşısında aciz qalacaq. Bu baxımdan, Müsavatın qurultayı ləngidilməkdədidr. Ancaq bütün bunlar sadəcə proqnozdur. Təkcə, İsa Qəmbərin yenicə yaratdığı "Milli-Strateji Düşüncə Mərkəzi"nə qarşı "Azadlıq" qəzetinin və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının taktiki hücumlarına nəzər salsaq, deyilənlərin nə qədər real olduğunu görmüş olarıq.
Başqa tərəfdən, sözügedən məsələnin dərinliyinə vardıqca, bu gün İsa Qəmbərin başqanlıqda qalmasını istəyən, hətta bunu gizlətməyən tərəflər hazırda başqan müavini Arif Hacılının partiyanın ali postuna yiyələnməməsi üçün dəridən-qabıqdan çıxırlar. Məsələn, "Yeni Müsavat" qəzetinin baş redakatoru Rauf Arifoğlu və AXP sədri Pənah Hüseyn aşkar olaraq İsa Qəmbərin yanında oldurlarını dəfələrlə bəyan ediblər. Ancaq Arif Hacılının qardaşı, Müsavatın məcsil üzvü və başqan müşaviri Mustafa Hacıbəyli hesab edir ki, partiyanın qurultayı qəsdən ertələnir ki, Arif Hacılı başqan olmasın.
Ancaq hadisələrin axarı da göstərir ki, Müsavat daxilində fırtınaqabağı sakitlik hökm sürür. Bu sakitliyin daha hansı fırtınalara səbəb olacağını isə sentyabrda görəcəyik. Çünki indi də qurultayın sentyabra qədər təxirə salınması sübut edir ki, qurultay heç həmin ayda da keçirilməyəcək. Bu faktor isə qarşıda Müsavatın hələ çox xəmirinin suyunu aparacaq.
Afət TAHİRQIZI