"Bundan sonra da müəyyən vəzifələr tutmaq iddiam olsa bu təbii qarşılanardı"
"Ümumiyyətlə, namizədlər rəsmən irəli sürülmədiyi üçün və təbliğat kampaniyasına rəsmi start verilmədiyi üçün bu istiqamətdə fəaliyyət hələ ki, yoxdur. Amma mən həm də Arif Hacılının qardaşı olduğum üçün onun namizədliyi istiqamətində fəaliyyət göstərsəm də xüsusi aktivlik göstərməyə çalışmıram". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, başqan müşaviri Mustafa Hacıbəyli onun qurultay ərəfəsində Arif Hacılının təbliğatı ilə məşğul olunması ilə bağlı mətbuatda gedən yazılara münasibətini bildirərkən deyib.
Mustafa Hacıbəyli eyni zamanda daha bir maraqlı məqama toxunaraq, dolayısı ilə özünün də başqanlığa namizəd olmağa layiqliyini istisna etməyib: "Əslində, dərinə getsəm mən özüm də bu prosesə, bu kampaniyaya tam şəkildə qoşula bilərdim".
Müsavat yetkilisi əgər bu addımı atacağı təqdirdə onun təbii qarşılanacağını deyib: "Mən Müsavat Partiyasının 20 ildən artıqdır ki, üzvüyəm, bu partiyanı yaradanlardan biriyəm və indiyə qədər təşkilatda müəyyən postlar tutmağa da nail olmuşam. Düşünürəm ki, bundan sonra da müəyyən vəzifələr tutmaq iddiam olsa bu da təbii qarşılanardı. Amma mən hər halda müəyyən o yazılmamış qanunları da nəzərə alaraq, çalışacağam ki, sona qədər daxildə gedən rəqabətlərdə ən azı rol almayım".
Mustafa Hacıbəyli Müsavat Partiyasında qurultayın keçirilməsi və seçki kapmaniyası ərəfəsində baş verən qalmaqallara da münasibətini bildirərək deyib ki, bütün hallarda qurultay keçirilməlidir: "Müsavatın nizamnaməsinə gəlincə, qurultay keçirilməlidir. İsa Qəmbərin başqanlıq postunda qala bilmə ehtimalına gəlincə isə inanmıram ki, o yenidən öz postunda qalması üçün hər hansı bir addım atsın. Çünki İsa bəyin özü də dəfələrlə bildirib ki, keçiriləcək qurultayda yeni başqan seçiləcək və o, İsa Qəmbər olmayacaq".
sia.az