"Bundan öncə də Sülhəddin Əkbər müxtəlif siyasi partiyalarda təmsil olunub. O, yeni bir siyasi partiya yaradıbsa və fərqli bir istiqamət götürərək fəaliyyət göstərmək istəyirsə, bu onun hüququdur. Hesab edirəm ki, bu partiyanın fəaliyyətinin nəticələri sonralar bəlli olacaq". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli ötən gün Azad Demokratlar Partiyasının təsis qurultayında Sülhədddin Əkbərin partiyanın sədri seçilməsinə münasibət bildirərkən deyib.E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın əksər siyasi partiyaları ölkədə gedən siyasi proseslərə fərqli müstəvidən yanaşmalıdırlar: "Azərbaycanda radikal siyasətin heç bir prespektivi yoxdur. Bunu başa düşməyənlər ya ayrı-ayrı xarici qüvvələrin maraqlarını ifadə edirlər, ya da Azərbaycan siyasətinin mahiyyətindən xəbərləri yoxdur. Bu baxımdan da düşünürəm ki, yeni yaranan siyasi partiya bu reallıqları dərk edərək yaranıb".BAXCP sədrinin müavini hesab edir ki, adıçəkilən partiya uğurlu fəaliyyət göstərəcəksə, bu Azərbaycan siyasəti üçün müsbət bir amildir: "Bu partiya bəzi siyasi partiyalar kimi yalnış istiqamət götürərək ölkənin milli maraqlarına xidmət etməyəcəksə, xarici qüvvələrin hesabına öz mövcudluğunu qoruyub saxlamağa çalışacaqsa, o zaman həmin siyasi partiyaların sırasına qoşulacaq".
sia.az