Tahir Kərimli: "Milli Şura"nın mənasız, formal bir quruma çevrildiyini desək, səhv etmərik"
Müsahibimiz Vəhdət partiyasının sədri Tahir Kərimlidir
- Tahir bəy, Cəmil Həsənli iddia edib ki, "Milli Şura"nın növbəti sessiyasını Tbilisidə keçirəçəklər. Bu açıqlamanı Cəmil Həsənlinin növbəti şou yaratmaq cəhdi kimi qiymətləndirmək olarmı?
- Müsavat partiyası bir-iki il bundan əvvəl deyirdi ki, özünün qurultayını Tbilisi şəhərində keçirəcək. Təbii ki, bu da çox gülməli çıxırdı. Bu baxımdan, "Milli Şura"nın növbəti sessiyasının Tbilisidə keçiriləcəyini iddia edilməsi növbəti şou yaratmaq cəhdi kimi qiymətləndirmək olar. Ümumiyyətlə, "Milli Şura" nəyi ifadə edir? Kimləri ifadə edir? Hansı gücə malikdi? "Milli Şura"nın olan-qalan gücüdə dağılıb və bir neçə yerə parcalanıb. Bu təşkilatda təmsil olunan şəxslərin böyük əksəriyyəti istefa verib. "Milli Şura" hansı gücün daşıyıcısıdır ki, gedib Tbilisidə hansısa qərarı verəcək və bu qərarda Azərbaycan üçün əhəmiyyətli olacaq. "Milli Şura" mahiyyətini və mənasını itirən bir qurumdur.
- Necə düşünürsünüz, məgər Azərbaycanda "Milli Şura"nın bir necə nəfərdən ibarət olan üzvlərinə iclas keçirmək üçün şərait yaradılmırmı?
- "Milli Şura"nın növbəti sessiyasını Tbilisidə keçirmək istəməsi onu ifadə edir ki, güya onlar üçün Azərbaycanda şərait yoxdur. Ona görə də, Tiblisidə keçirməyi planlaşdırırlar. Bu, mənasız hay-küydən başqa bir şey deyil. Azərbaycanın hər bir yerində öz iclaslarını keçirə bilərlər.
- "Azad Demokratlar" partiyasının sədri seçilən Sülhəddin Əkbər də "Milli Şura"dan ayrıldıqlarını bəyan edib. Sizcə, bundan sonra "Milli Şura"nın fəaliyyət göstərməsinə lüzum olacaqmı?
- Demək olar ki, Sülhəddin Əkbərin "Milli Şura" ilə soyuq münasibəti bəlli idi. Bu baxımdan Sülhəddin Əkbərin "Milli Şura"dan ayrılması təbii görünür. Əslində Əli Kərimli ilə Mirmahmud Fəttayev də yaxşı münasibətlərə malik deyillər. Amma zorən "Milli Şura"da təmsil olunurlar. Bir-biri ilə səmimi münasibətdə olan insanlar "Milli Şura"nı tərk edib. O cümlədən, qeyri-səmimi insanlar isə "Milli Şura"da qalmaqda davam edirlər. Belə olan halda "Milli Şura"nın hansı aktivliyindən söhbət gedə bilər. Bu gün "Milli Şura"nın heç bir siyasi gücü yoxdur ki, irəliyə doğru gedə bilsin. Bu baxımdan da, "Milli Şura"nın mənasız və formal bir quruma çevrildiyini desək, səhv etmərik.
GÜLYANƏ