Sirr deyil ki, Azərbaycan müxalifəti həm ideoloji, həm də siyasi proseslərə yanaşma baxımından bir neçə hissəyə bölünüb. Müxalifətin radikal qanadında da son parçalanma kifayət qədər dağınıqlığa səbəb olub və düşərgə ciddi ziyan görüb. Qarşıdan isə bələdiyyə seçikiləri gəlir. Seçkilər ərəfəsində isə düşərgədə ümumiyyətlə, hər hansı bir yenilik gözə dəymir. Baxmayaraq ki, bir neçə partiya bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib. Məsələn, ən azı Müsavatın bələdiyyə seçkilərində iştirak edəcəyini ehtimal etmək olar. Digər siyasi partiyalar isə hələ də gözləmə mövqeyini tutublar.
Müsavat daxilində gərginliyin baş qaldırmasında AXCP sədri Əli Kərimlinin rolunun olduğunu istisna etmək olmaz
Ancaq onu da unutmaq lazım deyil ki, bələdiyyə seçkilərinə qədər Müsavat partiyasında başqanlıq seçimi də dayanıb. Hansı ki, dörd ildən artıq bir müddətdir ki, bu seçim gecikdirilir. Nəticədə partiyadaxili qarşıdurmalar ara-sıra şiddətli hala qədər inkişaf edir. Ancaq Müsavat rəsmiləri baş verənləri partiyadaxili "demokraik mübarizə" kimi adlandırsalar da ortada digər faktorlar da görünməkdədir.Məsələn, Müsavat daxilində gərginliyin baş qaldırmasında AXCP sədri Əli Kərimlinin rolu olduğunu istisna etmək olmaz. İsa Qəmbərdən sonra Müsavat başqanı postuna potensial namizədlər arasında müəyyən ziddiyyətlərin ortaya çıxmasında və Müsavat Gənclər Təşkilatının parçalanma həddinə gəlməsində məhz AXCP sədrinın adı hallandırılır. AXCP-Müsavat münasibətlərinin durumunu əsas götürsək, Əli Kərimli Müsavat daxilində yeni çaxnaşma ocaqları yaradılmasında maraqlıdır. O da sirr deyil ki, Müsavat və AXCP arasında uzun illərdən bəridir ki, qarşılıqlı patoloji nifrət hökm sürür. Bu partiyaların indiyə kimi birgə təmsil olunduqları siyasi ittifaqların çökməsinin də başlıca səbəbi məhz bu nifrət, bu qəbuledilməzlik olub. Məhz buna görə də, hazırda qurultay ərəfəsində olan Müsavat daxilində bəlli gərginliyin qabarmasında Əli Kərimlinin rolu olması ehtimalını ciddi qəbul etmək mümkündür. Bu səbəbdən, Əli Kərimlinin Müsavat başqanlığına İsa Qəmbərdən sonra əsas namizəd sayılan Arif Hacılının rəqiblərini, eyni zamanda, Müsavatın gənclər təşkilatında parçalanma tendensiyasını yaratması açıq-aşkar görünür.
Əli Kərimli hələ "Yurd" şefi olduğu dövrlərdə "parçala və hökm et" şüarını əsas kimi tutmuşdu
Digər tərəfdən, Əli Kərimlinin "Milli Şura"nın dağılmasında, daha dəqiq desək, adıçəkilən qurumun monopoliyalaşdırılmasında rolu kifayət qədərdir. Belə ki, dağıtmaq AXCP sədrinin ənənəsinə xas olan xüsusiyyətdir. Çünki Əli Kərimli hələ "Yurd" şefi olduğu dövrlərdə "parçala və hökm et" şüarını əsas kimi tutmuşdu. AXCP-ni ələ almasında bu şüar Əli Kərimliyə yardımçı olmuşdu. Artıq "Milli Şura"da da normal bir qüvvə qalmayıb. Bəllidir ki, AXCP sədri sadəcə qurumun adına sahib olmaq niyyətindədir. Bu plan isə son nəticədə "Milli Şura"nın dağılmasını sürətləndirib.Onu da xatırlatmaq yerinə düşərdi ki, AXCP sədrinin keçmiş müşaviri Leyla Əliyeva Əli Kərimlini kənardan aldığı maliyyə vəsaitilə "Milli Şura"ya gəlir mənbəyi kimi baxması iddiasını irəli sürmüşdü. Çünki AXCP sədri "Milli Şura"nı xarici dairələrin təsiri ilə qoruyub saxlamaq istəyir. Əli Kərimli qurumdaxili proseslərə nəzarət edir və qurumu inhisarı altında saxlayır. Bütün bunlar isə onu göstərir ki, düşərgənin passiv fəaliyyətində, habelə dağınıqlığın mövcud olmasında və daxili parçalanmalarda Əli Kərimlinin rolu böyükdür.
İsa Qəmbər parlament seçkilərində hətta başqan olmasa belə, iştirak etmək niyyətini gizlətmir
AXCP sədri hazırda da bu missiyasını davam etdirir. Belə ki, gələn il parlament seçkiləri ilidir və AXCP sədri düşərgədə ona mane ola biləcək istənilən tərəfi özündən kənarlaşdırmaq, ya da öz xeyrinə işlətmək ambisiyasını irəli sürəcək. Ancaq onu da istisna etmək olmaz ki, Müsavat başqanı İsa Qəmbər parlament seçkilərində hətta başqan olmasa belə, iştirak etmək niyyətini gizlətmir. Bu isə son olaraq həm də belə düşünməyə zəmin yaradır ki, düşərgənin savaşı hələ başa çatmayıb. Bu savaş isə həm radikal "liderlər" üçün, həm də bütövlükdə ənənəvi müxalifət üçün son ola bilər. Beləliklə, Əli Kərimli-İsa Qəmbər savaşının növbəti nəticələrini gözləməyə dəyər.
Rövşən Rəsulov