PDF Oxu

Müxalifət

  • 56

Müsavat başqanlığı uğrunda regional mübarizə

Müsavat başqanlığı uğrunda regional mübarizə

Arif Hacılı şimal qruplaşmasının, Qubad İbadoğlu isə qarabağlıların dəstəyinə ümid edir

Müsavat partiyasında qurultayöncəsi durum getdikcə ağırlaşmaqdadır. Artıq başqanlığa namizədliklərini irəli sürənlər arasında aparılan kəskin rəqabət gizlidən açıq müstəviyə keçib. Hətta tərəflər arasında regionçuluq halları da baş qaldırmaqdadır. Məsələn, başqan müavini, partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı aşkar olaraq tərəfdaşlarını şimal zonasından olan müsavatçılarda axtarır.

İsa Qəmbərin iqtisadi məsələlər üzrə müavini Qubad İbadoğlu isə artıq doğulduğu Qarabağ zonasından olan müsavatçıları öz tərəfinə cəlb etməklə, təbliğatını aparmağa başlayıb. Doğrudur, partiyadan verilən məlumata görə başqanlığa iddialı olan 4 nəfər namizədliyini irəli sürəcəyi bəlli olsa da, bu siyahının artacağı bildirilir. Bu 4 nəfər partiyanın icra aparatının rəhbəri Arif Hacılı, başqanın iqtisadi məsələlər üzrə müavini Qubad İbadoğlu, divan üzvü Tural Abbaslı və başqan müşaviri Səxavət Əlisoy olsa da, bu siyahının genişlənəcəyi bildirilir.

Ən acınacaqlısı isə budur ki, Müsavat başqanlığı uğurundakı mübarizəyə artıq regional çalarlar qatılmağa başlayıb. Bu istiqamətdə ən böyük fəallığı Arif Hacılının və Qubad İbadoğlunun qruplaşmaları göstərir. Prosesləri diqqətlə izlədikdə, hiss olunur ki, əslən Füzuli rayonundan olan Qubad İbadoğlu başqanlıq yarışında özünü Qarabağ klanının təmsilçisi kimi təqdim etməyə çalışır. Onun tərəfdarları da əsasən bu bölgədən olan müsavatçılardır. Qubad İbadoğlu İsa Qəmbərlə eyni rayondan olmasını da əsas gətirərək bu yarışda qalib olacağını planlaşdırır. Onun tərəfdarları Müsavatın qarabağlıların partiyası və İsa Qəmbərin Füzulidən olduğunu əsas gətirərək başqanı məhz Qubad İbadoğlunun əvəz edəcəyini bildirirlər.

Əslən Zaqataladan olan Arif Hacılı isə şimal qruplaşmasını təmsil edir. Onu müdafiə edən isə qardaşları və əsasən bu bölgədən olan müsavatçılardır. Bu qruplaşmanın təmsilçiləri isə iddia edirlər ki, son illər partiyanın əsas idarəetməsi onsuz da Arif Hacılının əlindədir. O, Müsavatda olduğu illərdə çox məhrumiyyətlərə məruz qalib, həbsə düşüb və bu gün başqan olmağa haqqı çatan ən layiqli namizəddir.

Maraqlıdır ki, regionçuluq məsələsi müsavatçıların özləri tərəfindən də gizlədilmir. Belə ki, mətbuata açıqlama verən Müsavat gənclər təşkilatının partiyadan uzaqlaşdırılan üzvü Samir Poladov açıq şəkildə bildirib ki, hazırda partiya daxilində Hacıbəyli qardaşları ilə digər müsavatçıların mübarizəsi gedir. Arif Hacılı tərəfindən partiyaya həsrət qoyulan bu gənc açıq şəkildə deyib ki, mərkəzi icra aparatının rəhbəri regionçuluq üzərində tərəfdarlar toplayıb başqan postuna yiyələnmək istəyir.

Bütün bunlarla yanaşı daha bir maraqlı məqamı da xatırlamaq olar ki, məhz Arif Hacılı gənclər təşkilatının sədri postuna keçirilən ilk seçkinin nəticələrini ləğv etdirərək öz adamını bu vəzifəyə gətirməyi bacarıb. Yeri gəlmişkən, hazırda Müsavatın gənclər təşkilatının sədri olan Əhliman Abbas da əslən Zaqatala rayonundandır. Onun əleyhinə çıxanlar isə əsasən gənclər təşkilatının əvvəlki rəhbəri, başqanlığa namizəd Tural Abbaslının tərəfdarları və qarabağlı müsavatçılardır. Gənclər təşkilatındakı qarşıdurma ilə təşkilatdan uzaqlaşdırılanların böyük əksəriyyəti məhz Qarabağ bölgəsini təmsil edənlərdir. Onlar partiyada ciddi fəaliyyəti olmayan Əhliman Abbasın sırf Arif Hacılını dəstəkləsin deyə təşkilatın sədri olmasını həzm edə bilmirlər.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, bu il Müsavat partiyası üçün çox gərgin keçəcək. Sentyabr ayına qədər bir bir-birinə qarşı mübarizə aparan qruplaşmalar qurultaydan sonra da bir-birinə qarşı mübarizəni davam etdirəcəkləri danılmazdır. Beləliklə, başqanlıq uğrunda mübarizə Müsavatı təhlükəli bir uçuruma aparır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər