"Azərbaycan müxalfətinin birlik termini artıq əhalidə təkcə inamsızlıq yox, qıcıq yaradır"
Ənənəvi müxalifətdə yaşanan durğunluq düşərgədə müxtəlif cinahlarda fəaliyyət göstərən partiya sədrləri tərəfindən də etiraf edilməkdədir. SİA-nın verdiyi xəbərə görə, uzun müddətdir müxalifətdaxili proseslərdə görünməyən Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan da təmsil olunduğu düşərgə haqqında bədbin və pessimist fikirdədir. Onun fikrincə, praktika dəfələrlə göstərdi ki, Azərbaycan müxalifəti 1993-cü ildən bəri bir yerə toplaşıb dağılıb. Hətta vaxtı ilə bir təşkilatda olmuşlar belə indi ayrı-ayrılıqda fəaliyyət göstərməklə heç bir siyasi uğur əldə etmək imkanına malik deyillər: "Müxalifətin bu birləşmə oyunundan cəmiyyət artıq yorulub. Çox təəssüf ki, Azərbaycan müxalfətinin birlik termini artıq əhalidə təkcə inamsızlıq yox, qıcıq yaradır. Və çox təəssüf ki, bu belədir".
ALP sədri onu da etiraf edib ki, müxalifətdə özlərini lider hesab edənlər artıq geriyə çəkilməli və partiyaların yeniləşməsi üçün gənclərə yol açmalıdırlar. Ancaq liderlər öz kreslolarından elə möhkəm yapışıblar ki, bundan sonra da geriyə addım atmaları inandırıcı görünmür: "Ona görə nə etmək lazımdır? Mübarizə taktikasını vəziyətə uyğun seçmək lazımdır. Situasiyaya uyğun addım atmaq və partiyaları buna hazırlamaq lazımdır. İndiki məqamda isə bizim klassik mübarizə üçün heç bir şəraitimiz yoxdur".
sia.az