Və ya Leyla Yunusun ermənilərlə bağlı olan digər əməkdaşlıqları da araşdırılmalıdır
Daim ölkəmizin əleyhinə fəaliyyət göstərən anti-azərbaycançı dairələr müxtəlif vasitələrlə ölkəmizə qarşı həmişə böhtan kampaniyasını genişləndirməyə çalışırlar. Təəssüf ki, belələri bu gün də çirkin əməllərindən əl çəkmirlər. Təcavüzkar ölkə olan bədnam qonuşumuz bu işdə Azərbaycanın inkişafını, əhalinin həyat səviyyəsinin yaxşılaşmasını gözü götürməyən bəzi dağıdıcı müxalifət nümayəndələrindən və özlərinin qohumu olan Leyla Yunus kimi ermənipərəst, antimilli ünsürlərdən yararlanırlar.
Leyla Yunusun Ermənistan xüsusi xidmət orqanlarında yüksək vəzifə tutan şəxslərlə birbaşa əlaqələri də hər kəsə bəllidir
Hər kəsə məlumdur ki, ölkəmizə qarşı çıxan dairələrlə əməkdaşlıqla xüsusi dəst-xətti olan L.Yunus ermənilərlə işbirliyini daim genişləndirir və onların tapşırıqlarını yerinə yetirir. Antimilli mövqeyindən hələ də əl çəkə bilməyən və bütün vasitələrlə ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirməyə çalışan "hüquq müdafiəçisi"nin əslində dövlətimiz əleyhinə fəaliyyəti, öz maraqları naminə işlər görməsi, uğurla həyata keçirilən daxili və xarici siyasətimizə böhtan atması bu şəxsin kimlərə işlədiyinin və kim olduğunun əsas göstəricisidir. Vaxt keçir, lakin "hüquq müdafiəçisi" dəyişmir - ermənipərəst, dövlət əleyhinə fəaliyyət göstərən şəxs imicini qoruyub saxlayır. Əslində L.Yunusun Ermənistan xüsusi xidmət orqanlarında yüksək vəzifə tutan şəxslərlə birbaşa əlaqələri də hər kəsə bəllidir. Sülh və Demokratiya İnstitutunun rəhbəri özünü vətənpərvər kimi göstərsə də, onun Şuşada, Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumlarının olması "hüquq müdafiəçisi"nin düşmən ölkəyə hörmət və ehtiramını daha da artırır. L.Yunusun Rusiya Federasiyası Dumasının erməni deputatı Marina Salyan və Rusiyanın tanınmış hüquq müdafiəçisi, qətlə yetirilən Qalina Staravoytova ilə yaxın münasibətləri də onun təcavüzkar dövlətə ehtiramının göstəricisi idi. Kim təminat verə bilər ki, L.Yunus ölkəmiz haqqında məxfi məlumatları ermənilərə çatdırmayıb? Bildirilir ki, vaxtilə Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan L.Yunus AXC-Müsavat hakimiyyəti dövründə cəbhəyə göndəriləcək məhsulları bazara çıxarıb sataraq, bundan əldə etdiyi gəlirləri Almaniyadakı bank hesabına köçürüb.
SDİ rəhbəri erməninin vasitəsilə Ermənistanın Tədqiqatçı- Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant əldə edib
Azərbaycanın qələbələrini həzm edə bilməyən, ölkəmizin hər uğurundan daha da azğınlaşan L.Yunusun erməni xüsusi kəşfiyyat orqanlarının ştatdankənar işçisi olması təəssüf ki, araşdırılmır. 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə sıcaq münasibətlərinin olduğu, onlar arasında xüsusi münasibətlərin qurulduğu deyilən Sülh və Demokratiya İnstitutu rəhbərinin digər erməni dostu Yunus David Azərbaycana qara yaxan "hüquq müdafiəçisi"nin əsas pul kisələrindən biridir. SDİ rəhbəri məhz həmin erməninin vasitəsilə 10 il bundan əvvəl Ermənistanın Tədqiqatçı-Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant əldə edib. Anti-Azərbaycan mövqeyi ilə seçilən bu şəxsin sıx ünsiyyətdə olduğu daha bir erməni Nikolas Danılasyan SDİ rəhbərini ölkəmizdə yaşayan azsaylı milli azlıqlar arasında nifaq salmağa, etnik qarşıdurmalar yaratmağa təlimatlandırmışdı. Bütün bunlar L.Yunusun ziddiyyətli, qaranlıq və müəmmalı fəaliyyət istiqamətinin əsas konturlarıdır. SDİ rəhbərinin ən son antimilli fəaliyyəti isə dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun açıqlamalarında üzə çıxır. Rauf Mirqədirov istintaq təcridxanasında bildirib ki, "əgər mən həbs olunmuşamsa, mənim kimi Arif Yunus və onun yoldaşı L.Yunus da saxlanılmalıdır. Çünki bizim hər birimiz bütün tədbirlərdə eyni fikirdə olmuşuq və iştirak etmişik". Bütün bunlar Rauf Mirqədirovun öz əməlindən peşman olduğunu, SDİ rəhbəri ilə birgə çalışmasının acı fəsadlarını gec də olsa anladığını göstərir. Üstəlik, SDİ rəhbəri işğalçı Ermənistanla Azərbaycanı müqayisə edərək bildirib ki, guya, qəsbkar dövlətdə olan demokratiya respublikamızda mövcud deyil. Əslində, SDİ rəhbərindən başqa heç nə gözləməyə də dəyməz. Ona görə ki, həmin şəxs birmənalı olaraq ermənilərə rəğbətlidir. Bütün bunlar bir yana, ölkəmizdə fəaliyyət göstərərək, hər bir fikri, hərəkəti ilə təxribat yaratmağa çalışır. SDİ rəhbəri özü də dəfələrlə deyib ki, ermənilərə rəğbətlidir və onlarla əməkdaşlıq edir.
Özünü "sülh və demokratiya" ilə əlaqələndirən təşkilatın müdafiə etdiyi insanların siyahısına baxsaq, görərik ki...
Şübhəsiz ki, onun əməlləri ilə bağlı kifayət qədər sənədlər də ortadadır. SDİ rəhbərliyi və onun əlaltıları ölkəmizdə ermənilərin təhriki ilə respublikamızın daxilində dövlətimizin imicinə ziyan vurmaqdan ötrü belə addımlar atırlar. Özünü "sülh və demokratiya" ilə əlaqələndirən təşkilatın müdafiə etdiyi insanların siyahısına baxsaq, görərik ki, orada bir nəfər də olsun azərbaycanlı müəllim, həkim, mühəndis və digər peşə sahibi yoxdur. Leyla Yunusun siyahısında ancaq Vətənə xəyanət edənlər, Azərbaycanın ərazi bütövlüyünü parçalamağa cəhd göstərənlər, ölkəmizdə terror aktlarını həyata keçirənlər və digərləri yer alır. Bütün bunlar onu göstərir ki, SDİ-nin, onun rəhbərinin fəaliyyəti araşdırılmalı, üzə çıxan qaranlıq məqamlarla bağlı hüquqi müstəvidə ölçü götürülməlidir.
Mübariz QULİYEV