Müsavat partiyasında İsa Qəmbərin başqanlıq səlahiyyətlərinin artıq iki ildir ki bitməsinə baxmayaraq partiyanın qurultayını müxtəlif vasitələrlə əngəlləməsi gündəmin əsas mövzularındandır. Xüsusilə də, İ.Qəmbər və ona yaxın müsavatçıların "qurultayı yaddan çıxarmaq" üçün atdığı addımlar, aidiyyatsız məsələlərə yersiz münasibətləri və yersiz problemləri qabartmaları ondan xəbər verir ki, hələ uzun müddət Müsavatda başqan dəyişikliyi olmayacaq.
Bununla belə, müxalifətin özündə İ.Qəmbərin getməsini tələb edənlər, qurultayın təcili olaraq keçirilməsini vacib sayanlar daha çoxdur. Müsavat partiyasından qurultayın keçirilməsi ilə bağlı mətbuata verilən son açıqlama bu partiyaya olan inamı sıfıra endirmiş oldu. Partiyadan bildirdilər ki, Müsavatın qurultayı 2015-ci il parlament seçkilərindən sonra keçirilsə, daha məqsədəuyğun olar. Halubki, bu ilin əvvəlində bildirmişdilər ki, qurultay aprel ayında baş tutacaq, aprel ayında isə qurultayın keçirilməsini əngəlləyərək bu ilin sonunda keçiriləcəyi haqda bəyanat yaydılar. Heç şübhəsiz ki, bu tip manipulyasiyalar, xüsusilə də öz partiyadaşlarına qarşı aldadıcı həmlələr siyasi səriştəsizliyin bariz nümunəsidir.
Bütün bu baş verənlərə münasibət bildirən Müsavat partiyasının məclis üzvü Hikmət Hacızadə mətbuata açıqlamasında qurultayın indiyə qədər keçirilməməsini pisləyərək İ.Qəmbərə mesaj da yollayıb: "Demokratiyanın qanunu odur ki, heç kim əbədi olaraq vəzifədə qalmamalıdır, gərək dəyişsin. Müsavat partiyasının qurultayının keçirilməsi vacibdir. Qurultayın parlament seçkilərinə qədər təxirə salınması barədə fikirlərlə razı deyiləm. Partiyada yenilənmə olmalıdır. Qurultayı keçirmək lazımdır. Qurultayda yeni başqan seçiləcək, partiyanın sənədlərinə baxılacaq, yeni divan formalaşacaq. Mən başqanlığa namizəd olmayacağam. Kimin namizədliyini dəstəkləyəcəyimə gəlincə isə, bu barədə qərarımı qurultay ərəfəsində açıqlayacam".
S.Feyruzov