PDF Oxu

Müxalifət

  • 67

Müsavatda əlbəyaxa dava olub

Müsavatda əlbəyaxa dava olub

Partiya funksionerləri İsa Qəmbərin kabinetinin qarşısında yumruq savaşına çıxıblar

Müsavat partiyasında qurultayqabağı vəziyyət yenidən gərginləşib. Başqanlığa iddialılar arasında yaranan çəkişmələr yenidən alovlanıb. Son günlər partiya üzvləri sosial şəbəkələrdə və mətbuat səhifələrində bir-birlərini ittiham edərək yeni başqanın kim olacağı haqda qara-qara düşünürlər.

Başqanlıq uğrunda regional mübarizə

Artıq partiya daxilində başqanlığa namizədliklər arasında regionçuluq halları daha kəskin hal alıb. Başqan müavini, partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı aşkar olaraq tərəfdaşlarını şimal zonasından olan müsavatçılarda axtarır. İsa Qəmbərin iqtisadi məsələlər üzrə müşaviri Qubad İbadoğlu isə artıq doğulduğu Qarabağ zonasından olan müsavatçıları öz tərəfinə cəlb etməklə, təbliğatını aparmağa başlayıb. Prosesləri diqqətlə izlədikdə, hiss olunur ki, əslən Füzuli rayonundan olan Q.İbadoğlu başqanlıq yarışında özünü Qarabağ klanının təmsilçisi kimi təqdim etməyə çalışır. Onun tərəfdarları da əsasən bu bölgədən olan müsavatçılardır. Qubad İbadoğlu İsa Qəmbərlə eyni rayondan olmasını da əsas gətirərək bu yarışda qalib olacağını planlaşdırır. Onun tərəfdarları Müsavatın qarabağlıların partiyası və İ.Qəmbərin Füzulidən olduğunu əsas gətirərək başqanı məhz Q.İbadoğlunun əvəz edəcəyini bildirirlər.Əslən Zaqataladan olan A.Hacılı isə şimal qruplaşmasını təmsil edir. Onu müdafiə edən isə qardaşları və əsasən bu bölgədən olan müsavatçılardır. Bu qruplaşmanın təmsilçiləri isə iddia edirlər ki, son illər partiyanın əsas idarəetməsi onsuz da A.Hacılının əlindədir. O, Müsavatda olduğu illərdə çox məhrumiyyətlərə məruz qalib, həbsə düşüb və bu gün başqan olmağa haqqı çatan ən layiqli namizəddir.Müsavatın divan üzvü Tural Abbaslı partiyadaxili çəkişmələrdən söz açaraq bildirib ki, siyasi çəkişmə var və bu, olacaq da: "Bu, təbiidir. Yaxşı bir zal ala bilsək, qurultay keçirsək hamı görəcək ki, Müsavat hələ dağılmayıb". T.Abbaslı həmçinin, Müsavat başqanı olmaq istəyənlərə mesaj yollayaraq özünün hamıdan güclü rəqib olduğunu diqqətə çatdırıb: "Mən özümü başqan görürəm. Əgər özümdən daha artıq, daha lazımlı, faydalı kimisə görsəydim, namizədliyimi verməzdim. Təbii ki, eyni düşüncədə digər namizədlər də ola bilər. Hərənin özünə görə arqumenti var. Mən də bugünkü siyasi reallığa əsasən bu addımı atmışam. Müsavat partiyasının başqanı olmaq hansısa imtiyazlara sahib olmaq demək deyil. Qurultay nümayəndələrinin iradəsi kimdən yana olacaqsa, biz müsavatçıyıq, şəxslərə görə yox, ideyaya görə birləşmişik, fəaliyyətimizi davam etdirəcəyik".Müsavat partiyasının üzvü Səxavət Əlisoy isə yazır ki, bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual budur: "Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, "filankəs"in bu posta daha çox yaraşdığını iddia edənlər var, "behmənkəs"in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi dəhlizlərdə çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var. Çünki başqan İ.Qəmbər yaxşı anlayır ki, qurultaya bu münasibətlər müstəvisində getsələr, biabırçı vəziyyət yarana bilər. Çünki hazırda başqanlığa iddialılar arasında yaranmış gərginlik daha açıq müstəviyə keçə bilər".Partiyadan verilən məlumata görə, Müsavat partiyasının iclasından sonra funksionerlər arasında əlbəyaxa dava olmuşdu. İkram İsrafilin məlum mövqeyindən sonra başqanın müşaviri Səxavət Əlisoyla onun arasında gərginlik yaranmışdı. Tərəflər bir-birlərinin üzərinə yeriyərək yumruqlaşıblar. Amma ətrafdakıların müdaxiləsindən sonra ara sakitləşib. Onu da qeyd edək ki, sözügedən dava İ.Qəmbərin kabinetinin qarşısında baş verib.Məhz bu hadisədən sonra belə bir qənaətə gəlmək olur ki, Müsavat başqanı iddialılarının qurultaya qədər sakitləşməyəcəyi mümkünsüzdür. Deməli, hələ Müsavat başqanlığı uğrunda başyarmalar çox olacaq.

Ü.ƏSGƏROV

Digər xəbərlər