Azərbaycan müxalifətində son 20 ildə formalaşmış bir ənənə mövcuddur. Siyasi partiyalar "liderləri" ilə tanınır. Partiyası ilə tanınan müxalifət "lider" isə, ümumiyyətlə yoxdur. Siyasi müstəvidə fəaliyyət göstərən partiyaların böyüyüb-bölünməsi prosesində əsas rol oynayan isə ideoloji prinsiplər deyil, azsaylı narazı qrupların liderlik ambisiyaları olub. Ölkədə partiya quruculuğu əslində təbii axarını itirərək süni şəkildə gözəgörünməz qüvvələr tərəfindən idarə olunmağa başlayıb. Partiya quruculuğundakı bu uyğunsuzluq demokratik dəyərlərin inkişafını ləngitməklə bərabər Azərbaycanda normal və sivil müxalifətçilik ideyalarının bir dəstə ambisioz "liderin" nəfsinin güdazına getməsinə səbəb olub. Bütün bu mənfi tendensiyaların inkişafında dağıdıcı rolu ilə yadda qalan AXCP sədri Əli Kərimlinin odioz fiqurası politoloqların daim diqqət mərkəzində olub. Öz çirkin oyunları ilə bütövlükdə müxalifət düşərgəsinin formalaşma templərini ləngidərək onu arxaya atmış Əli Kərimlinin fəaliyyətinin tam araşdırılması üçün hələ uzun illər lazım gələcək. Əli bəyin iddialarından daha çox əziyyət çəkən onun bu gün də rəhbərlik etdiyi AXCP oldu.
Əbülfəz Elçibəyin sağlığında qeyri-formal fəaliyyəti ilə "cəbhə"çilər arasında həmişə ikrah hissi ilə xatırlanan Əli Kərimli qruplaşması, cəbhə liderinin vəfatından sonra əl-qol açaraq AXCP-dəki partiyadaxili müxalifəti dağıtmaq üçün əlindən gələni əsirgəməyib. Onun nəzarətində olan "yurd"çular partiyanın demək olar ki, bütün idarə rıçaqlarına sahib olaraq onun siyasi istiqamətini dəyişməyə başlayıblar. "Yurd"un fəaliyyətini araşdıran partiyadaxili komissiyanın gəldiyi nəticədən görünür ki, Əli Kərimli qruplaşması Xalq Cəbhəsinin orqanı olan "Azadlığ"ı ələ keçirərək onu təşkilata və təşkilatın sədri Əbülfəz Elçibəyə qarşı çevirməsi ilə kifayətlənməmiş, öz məqsədlərini həyata keçirmək üçün ayrı-ayrı qəzetlərin yaradılması və fəaliyyət göstərməsinə yardım göstərmiş (bunlardan bəziləri "Azadlığ"ın redaksiyasında fəaliyyət göstərmişdir), bir çox qəzetlərdə fəaliyyət göstərən yazarlar dəstəsi formalaşdırmışdır. Bu məqsədlə əsasən özlərini müxalifətyönlü və ya müstəqil adlandıran KİV vasitələrindən istifadə edilmiş, hətta iqtidar KİV-dən istifadə etməkdən çəkinməmişlər. Fəaliyyət dairələri 30-dan çox qəzet, agentlik, radio, televiziyanı əhatə etmişdir. Təkcə qəzetlərdə 80-dən çox yazarın 130 imzası ilə illərlə davam edən kampaniya aparılmışdır. Yazarların əhəmiyyətli hissəsini cəbhəçi "yurd"çular təşkil etmişdir.
Əli Kərimli "faktoru"
AXCP-nin bir neçə dəfə parçalanmasına gətirib çıxaran oyunlarda Əli Kərimli üzərinə düşən əsas vəzifənin öhdəsindən "layiqincə" gələrək cəbhə ideologiyasının tam və qəti məğlubiyyətini təmin etdi. Təşkilatın adını isə mənimsəyərək onu bir növ öz şəxsiyyətə pərəstişində vasitəyə çevirdi. Bu gün Azərbaycan siyasi məkanında narahatlıq doğuran əsas faktor normal müxalifətçilik ideyalarının iflasa uğraması ilə səciyyələnir. Xüsusən müxalifət düşərgəsindəki partiya diktatorlarının diktatorluğunu bir növ rəsmiləşdirməsi proseduru zahiri baxışla demokratik təsir bağışlasa da, burda heç bir demokratiyadan əsər-əlamət yoxdur. Bu, nə deməkdir? Bu, o deməkdir ki, siyasi müstəvidə partiyaların ideoloji fəaliyyətinin baza rolunu sırf partiya liderinin adına bağlayıblar. Belə deyək, lider varsa, partiyası da var. Lider sıradan çıxırsa, onun partiyasının adını heç hit dəftərində belə tapmaq mümkün olmayacaq. Bu reallıq bu gün Azərbaycanda fəaliyyət göstərən demək olar ki, bəzi partiyalara aiddir.
Rəhbərlik etdikləri partiyada şəxsi ambisiyası üzündən diktatora çevrilmiş "liderlərin" uzunömürlülüyünün səbəbləri də maraqlıdır. Diktatorlaşmış partiya liderlərinin yaxın çevrəsində regionçuluq, qohumluq, tanışlıq, prinsipləri ilə yanaşı şəxsi münasibətlər və ortaq biznes maraqları nəzərə çarpır. Bu mənzərə ölkədə partiya quruculuğu sahəsində vəziyyətin həddən artıq bərbad olduğunu göstərir. Azərbaycandakı partiyalardaxili diktatura özünü bir neçə formada büruzə verir. Partiya "boss"larının iradəsi qarşısına sədd çəkə biləcək partiyadaxili mexanizmlər işləmədiyi üçün partiya liderliyi getdikcə partiya diktatorluğuna çevrilir. Bunu şərtləndirən səbəblər aşağıdakı amillər ola bilər. Birincisi, partiyaya nəzarətin bir şəxsin əlində cəmləşməsi. İkincisi, partiyadaxili demokratiyanın simvolik xarakteri. Üçüncüsü, partiyadaxili təftiş qurumlarının əslində sədrin mənafeyinə xidmət etməsi. Dördüncüsü, siyasi partiyalarda yeni liderlərin formalaşması üçün münbit müstəvinin olmaması. Beşincisi, partiya "liderlərinin" güclü opponentlərin simasında özünə rəqib görmək xəstəliyi. Altıncısı, partiyanın bir şəxsin iradəsindən asılılığı. Yeddincisi isə, müxalifət partiyalarına üzvlüyə qəbul edilənlərin tərkibi, onların yerlilik və qohumluq dərəcələri.
Beləliklə, bu sıranı əlbəttə görə bilmədiyimiz digər amillərlə artırmaq olar. Lakin bunun bir o qədər əhəmiyyəti yoxdur. Bizim üçün ən önəmlisi Azərbaycandaki partiya quruculuğu mühitini saflaşdırmaq və onu partiya diktatorluğuna deyil, milli dövlətçiliyimizə xidmət edən işlək bir vasitəyə çevirməkdir. Təbii ki, bunlar qanunvericilik qaydasında həllini tapmalıdır. Lakin partiya quruculuğuna cəmiyyətin marağının artırılması, eynən də bu sahədə ictimai nəzarətin təşkili formaları üzərində düşünmək də pis olmazdı.
Buna demokratiya demək mümkündürmü?
Partiyadaxili demokratiya siyasi qüvvələrin böyük əksəriyyətində ya yoxdur, ya da yox dərəcəsindədir. Əksər partiya lideri öz iradəsini asanlıqla partiyasına qəbul etdirə bilir. Ölkədə fəaliyyət göstərən bəzi siyasi partiya liderlərinin yetərli "diktatorluq" stajı var. Baxmayaraq ki, partiyaların nizamnaməsi formal olaraq demokratiya və partiyadaxili nəzarətin gücləndirilməsini tələb edir. Siyasi səhnədə fəaliyyət göstərən partiya liderlərinin liderlik stajının artıq olması ona işarədir ki, müxalifət düşərgəsində yeni siyasi ab-havanın formalaşmasına ehtiyac var. Bunun yeganə yolu isə oturaq partiya liderlərinin siyasi səhnəni könüllü tərk etməsidir. Fikir verin, AXCP-nin nizamnaməsinə görə bir şəxs iki dəfədən artıq sədr seçilə bilər. "Demokratik dəyərlərin carçısı" kimi təqdim edilən Əli Kərimli 2001-ci ildə AXCP sədri seçilib və bu günə qədər öz işini davam etdirir. Azərbaycan cəmiyyətinin gözündən düşdükcə özünü daha da iddialı göstərməyə çalışan Əli "bəyin" AXCP sədrliyindən sivil imtinaya məcbur edə biləcək qüvvə onun partiyasında çətin ki tapılsın. Partiya səviyyəsində diktatora çevrilməkdə olan bu yalançı demokratın iyrənc üsullarla, şantaj və hədələrlə qurduğu partiyadaxili psevdodemokratik aura cəmiyyəti və Qərbdəki sponsorları çaşdırmaqdan savayı bir şey deyil.
De-fakto olmayan partiyalar
Bir partiyanın sükanı arxasında 10, 15, hətta 20 il dayanmaq hansı məntiqdən irəli gəlir? Ola bilməz ki, normal partiyada bir şəxsin heç olmasa bir əvəzedicisi, yaxud yetirməsi olmasın. Əgər bir partiya rəhbəri 15-20 il ərzində bunu bacarmayıbsa, deməli onun partiyası de-fakto yoxdur. Partiya diktatorları bir qayda olaraq partiyadaxili fikir müxtəlifliyindən çəkinir. Yetişməkdə olan yeni nəsil liderlərin opponentliyinə repressiya ilə cavab verir.
Müxalifət məkanında baş verən son olaylar AXCP və Müsavat liderlərinin manevrləri ilə yadda qaldı. Bu iki partiya lideri arasında gedən intriqaların tarixi AXCP-Müsavat cütlüyünün formalaşacağına ümidləri azaldır. Digər tərəfdən, bir cəhbənin köynəyindən çıxmış hər iki partiya diktatorunun xisləti və xarakteri də diqqətdən yayınmamalıdır. Necə deyərlər, "iki qoçun başı bir qazanda" çətin ki qaynasın. İndiki situasiyada hər iki partiyanın, daha doğrusu hər iki partiya diktatorunun ağır seçkiqabağı durumda olduğunu nəzərə almaq lazımdır. Lakin növbəti izdivacın uğuruna ümid bəsləmək hələ tezdir. Proseslərin inkişafı hər şeyi yoluna qoyacaq.
Mübariz QULİYEV