Saytımıza Müsavat Partiyasında baş verən qarşıdurma ilə bağlı ilginc məlumat daxil olub. Belə ki, avqustun 18-də Müsavatın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclası keçirilib və tədbirdə bir neçə tərəfin sözü üst-üstə düşməyib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında yaşanan polemika sonradan əlbəyaxa davaya çevrilib. Arif Hacılı Qubad İbadoğlunu QHT sektorunda milyonlar qazanmaqda, lakin partiyaya heç bir xidmətinin keçməməsində ittiham edib.
Quvad İbadoğlu isə Arif Hacılıya "sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm" cavabını verib. Məhz bundan sonra Hacılı anidən yerindən qalxaraq, İbadoğlunun üzərinə yürüyüb və yaxasından tutub. İclas iştirakçıları əlbəyaxa davanın qarşısını zorla alıblar.
Sonra Divan üzvü Tural Abbaslı başqan İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyaya xələl vurmaqda günahlandırıb. Başqan isə Tural Abbaslıya cavabında "bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin" cavabını verib.
Digər maraqdoğurucu nüans isə Vurğun Əyyubun da Tural Abbaslı ilə eyni mövqedə dayanmasında olub. Vurğun Əyyub da Müsavat başqanını partiyanı dağıtmaqda ittiham edib: "Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq".
İclasın sonunda Arif Hacılı yenidən iddialarını ortaya qoyaraq geriyə addım atmayacağını deyib. "Başqan olmasam, partiyanı dağıdacam" hədəsini edən Hacılı sonradan digər qrupların ona qarşı çıxmalarına səbəb olub.
Xatırladaq ki, Müsavat Partiyasının qurultayı sentyabr ayına planlaşdırılıb və bir sıra ekspertlər gələn ay da partiyanın ali formunun keçirilməyəcəyi proqnozunu irəli sürürlər.
sia.az