Nə üçün dağıdıcı müxalifət sivil siyasi mübarizə yolunu deyil, destruktivlik və xəyanət metodunu seçib?
Son bir neçə həftə ərzində radikal müxalifət düşərgəsinin nümayəndələrinin söylədiyi fikirlər, xarici qərəzli dairələrin mətbuat orqanlarına verdiyi müsahibələr və irəli sürdükləri absurd iddialar bir daha bu cür arzuolunmaz mövzuya qayıtmağı və reallığı olduğu kimi təsvir etməyi labüdləşdirir. Çünki radikal müxalifətdən olan Əli Kərimli, İsa Qəmbər və digərləri müəyyən dairələrin qrantlarını və yardımlarını almaq üçün bütün norma və dəyərləri unudaraq, ən son variantlara belə əl atırlar. Burada əsas sezilən hərkətlərin isə xəyanət üzərində qurulması cəmiyyət tərəfindən birmənalı şəkildə qarşılanmır. Məlum olduğu kimit, dağıdıcı müxalifət təmsilçiləri vaxtaşırı olaraq ölkəmizdə akkreditasiya olunan müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə görüşlər keçirirlər. Təbii ki, bu kimi separat görüşlər Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Çünki hər belə görüşlərdən sonra dağıdıcı müxalifət icazəsiz aksiyalar keçirir, cəmiyyətdə pozuculuq aktları həyata keçirəcəkləri haqda bəyanatlar səsləndirir. Buna görə də, müxalifətin belə addımları ictimaiyyət tərəfindən birmənalı qarşılanmır, beynəlxalq hüququn prinsiplərinə zidd addım kimi qiymətləndirilir. Belə bir şəraitdə cəmiyyəti düşündürən bir sual cavabını tələb edir: nə üçün dağıdıcı müxalifət sivil siyasi mübarizə yolunu deyil, destruktivlik və xəyanət metodunu seçib?
Keçmişi unutdurmağa çalışan müxalifət...
Dağıdıcı müxalifət ictimaiyyətdən müəyyən mənada dəstək almaq məqsədilə hər zaman hakimiyyətə qarşı absurd iddialar irəli sürür. Bu işdə isə, xüsusilə, aktivliyilə seçilən Əli Kərimli son günlər cəbhə xəttində baş verən erməni təxribatından sonra xarici qərəzli dairələrin, ələlxüsus, ermənilərin məqsədlərinə xidmət edən mətbuat orqanlarına müsahibələr verir, yalanlar uydurur. Təbii ki, bu cür hərəkətində o, iki məqsəd güdür: birincisi, keçmişdə olanların üzərinə pərdə çəkmək, ikincisi, Azərbaycanda destabillik yaratmaq istəyənlərin qrantlarını, yardımlarını əldə etmək. Lakin reallığı üzə çıxarmaqla, biz bir daha Əli Kərimli kimilərin səhv etdiyini xalqa detallı şəkildə göstəririk. Bu gün Azərbaycan hakimiyyətini pis idarəçilikdə ittiham edən Əli Kərimli və İsa Qəmbər özlərinin hakimiyyətdə olduqları zaman mövcud olmuş siyasi, sosial-iqtisadi şəraiti, deyəsən unudublar, ya da unutdurmağa çalışırlar.
1992-ci ildə hakimiyyəti silahlı qəsb yolu ilə ələ alan AXC-Müsavat birliyi sonradan respublikanı elə bir vəziyyətə qoymuşdu ki, rüşvət, korrupsiya və cinayətkarlıq dövlət siyasəti səviyyəsinə qalxmışdı. Xatırladaq ki, 1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında o zamankı Prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə keçirilən müşavirədə səslənən fikirləri, qarşılıqlı ittihamları təhlil etdikcə, deyilənlər bir daha öz təsdiqini tapır və AXC-Müsavat iqtidarı xalq və dövlət qarşısında xəyanətlərini, səriştəsizliyini etiraf edir. Həmin müşavirədə çıxış edən Prezident Əbülfəz Elçibəy deyir ki, "biz bir ildən çoxdur hakimiyyətdəyik. Təəssüf ki, dövlət quruculuğunu nəzərdə tutduğumuz kimi yerinə yetirə bilmirik".
O zaman dövlət katibi vəzifəsini tutmuş Əli Kərimli isə öz dililə satqınlığı və riyakarlığı təsdiqlədi: "İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. Biz bunu etiraf etməliyik. On milyonlarla dollar hələ də xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır və biz yaddan çıxarmamalıyıq ki, bu, dövlət əmlakıdır və dövlət əmlakının mühafizəsi bizə tapşırılıb. Ona görə də bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq".
Ə.Kərimli, həmçinin, iqtisadi cinaytkarlıqda dövlətin yüksək vəzifəli məmurlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakta malik olduqlarını da deyir: "İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq-mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla, artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır".
Göründüyü kimi, satqınlığı, rüşvəti və cinayətkarlığı dövlət siyasətinə çevirmiş Əli Kərimli, İsa Qəmbər bu gün mediada populist çıxışlar etməklə nəinki keçmişdə baş verənləri unutdurmağa çalışırlar, hətta yuxarıdakı faktlara görə özlərinə bəraət qazandırmağı da unutmurlar.
Destruktivlik və xəyanət radikalların əsas mübarizə metodudur
Keçmişi unutmaq, əlbəttə ki, hər bir xalqın gələcəyinin təhlükə altına düşməsi deməkdir. Xalqın sərvətini talamış şəxslərin 20 il sonra yenidən həmin xalqın qarşısına çıxaraq, yalan danışması və absurd iddialar irəli sürməsi faktı isə siyasi riyakarlıqdan başqa bir şey deyil. Radikal müxalifət vaxt ötdükcə, xalqın onlardan üz döndərdiyini, Əli Kərimli, İsa Qəmbər və digərləri timsalında müxalifətçi görmək istəmədiyini başa düşür. Lakin onlar siyasi meydanı da tərk etmək istəmirlər. Çünki xarici qərəzli dairələrin siyasi sifarişlərini yerinə yetirməklə, ayrılan qrantları heç kəslə paylaşmaq niyyətində deyillər. Yəni anlaşılan odur ki, radikal müxalifət sivil siyasi mübarizə metodlarından istifadə etmək imkanlarını tükədib və çıxış yolu kimi, xəyanəti seçib.
Bir daha xatırlanmalıdır ki, Azərbaycan xalqı adları çəkilən xəyanətkarların dəfələrlə Azərbaycanın maraqlarına zidd olan sövdələşmələrə getdiyini, Dağlıq Qarabağı şəxsi ambisiyaları naminə satdığını, ermənilərlə gizli sazişlər bağladığını və s. çox görüb. Əli Kərimli, İsa Qəmbər, Leyla Yunus kimi xəyanətkar və riyakarlar Azərbaycanın maraqlarına zərbə vurması heç də yeni hal deyil. Əsas detallarının gizlin saxlanıldığı həmin görüşlərdə Ə.Kərimli və İ.Qəmbər Q.Vestervelledən Almaniyanın Azərbaycana təzyiq göstərməsini, Almaniya mətbuatının Azərbaycana qarşı kampaniyasını davam etdirməsini xahiş ediblər. Hətta etibarlı mənbələrdən aldığımız məlumata görə, Ə.Kərimlinin radikal müxalifətə yaxınlığı ilə seçilən müxtəlif QHT-ləri maliyyələşdirməyi Almaniya XİN rəhbərindən xahiş edib. Əvəzində isə, istənilən sifarişi yerinə yetirməyə hazır olduğunu bildirib.
Xəyanətin sonu hərtərəfli fiaskodur
Tarixi təcrübə göstərir ki, xalqına və dövlətinə qarşı xəyanətkar mövqe tutmuş hər bir qüvvənin sonu fiaskodur. Çünki xalqın dəstək vermədiyi bir hərəkət gerçəkliyə çevrilə bilməz. Biz 1992-ci ildə hakimiyyəti silah gücünə qəsb etmiş AXC-Müsavatın sonrakı xəyanətkar əməllərini də, iflasını da gördük. Bu, ona görə baş verdi ki, onları xalq dəstəkləmədi. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi dəstəkləyən xalq bu gün də Onun siyasətinin Azərbaycanda davam etdirilməsinə dəstək verir. Düşünürük ki, Əli Kərimlinin və İsa Qəmbərin budəfəki xəyanətkar və destruktiv əməlləri yenidən fiaskoya uğrayacaq, lazımi qiymətini alacaq.
ÜLVİ