İsa Qəmbərin başqanlıq postunda qala bilməsi ehtimalı yenidən gündəmə gətirilə bilər
Müsavat partiyasında qurultayərəfəsi vəziyyət gərgin müstəviyə keçid almaqdadır. Belə ki, başqanlığa namizədliyi rəsmən qəbul olunmuş divan üzvü Tural Abbaslı öz seçki kampaniyasına start versə də, digər iddialılar - partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, başqanın iqtisadi məsələlər üzrə müavini Qubad İbadoğlu, müşavirlik postundan istefaya gedərək, namizəd olacağını bəyan edən Səxavət Əlisoy və başqaları hələlik öz kampaniyalarını fərdi qaydada aparmaqdadırlar. Lakin sözügedən kampaniyalar çərçivəsində partiyanın ali postuna iddialı olanlar arasında polemikalar və söz qarşıdurmaları yaşanmağa başlayıb. Məsələ ondadır ki, onların hər biri özlərini İsa Qəmərin yerinə ən layiqli namizəd kimi görməklə yanaşı, qarşılıqlı şəkildə ittihamlar da irəli sürməkdədərilər.
Hikmət Hacızadə: "Qərara aldım ki, Qubad bəyi dəstəkləyim"
Bu arada, Müsavat partiyasında seçki-təşviqat aksiyasına start mərhələsində Qubad İbadoğlu Müsavat partiyasının Səbail və Yasamal rayonundan olan üzvləri ilə görüş keçiriblər. Görüşdə Qubad İbadoğlunu dəstəkləmək məqsədilə partiyanın sıravi üzvləri və divan üzvləri - Vurğun Əyyub və Hikmət Hacızadə iştirak edib. Ancaq həmin görüş əsnasında vacib ifadələr səsləndirilib və həmin ifadələr digər namizədlər tərəfindən etirazla qarşılanıb. Belə ki, Hikmət Hacızadə bildirib ki, qurultayda başqanlığa keçiriləcək seçkidə Qubad İbadoğlunu dəstəkləyəcək.
"Qərara aldım ki, Qubad bəyi dəstəkləyim. İndiki halda partiyaya onun kimi şəxsin rəhbərlik etməsi lazımdır. Bizim ümidimiz mənəvi gücdür, intellektual gücdür"-deyə bildirən Hikmət Hacızadə bununla demək istəyib ki, yerdə qalan namizədlər nə intellektuala, nə də digər üstünlüklərə malik deyillər. Onu da qeyd edək ki, həmin görüşdə çıxış edən Vurğun Əyyub da Qubad İbadoğuya dəstək verdiyini deyib. Digər tərəfdən, iclasda danışan divan üzvləri Nüşabə Sadıxlı və Almaz Əliqızı, partiya fəalı Sədaqət Paşayeva da çıxışlarında İbadoğlunun namizədliyinə dəstək veriblər. Müsavat fəalı Adil Qeybulla da Qubad İbadoğlunu dəstəklədiyini söyləyib. Beləliklə, Müsavatın şinelindən çıxmış köhnə müsavatçıların bir qismi açıq şəkildə Arif Hacılı başda olmaqla, yerdə qalan namizədlərə qarşı çıxdıqlarını nümayiş etdiriblər.
Məsələnin daha bir vacib tərəfi də budur ki, hələ ötən günlərdə Qubad İbadoğlu əsas opponenti kimi görünən Arif Hacılıya qarşı psixoloji hücuma keçib. O, qeyd etmişdi ki, Arif Hacılı da partiyanın mərkəzi icra aparatı rəhbəri postundan istefaya gedərək, başqanlıq seçkilərinə qatılmalıdır.
Arif Hacılı: "Bu, real vəziyyətə uyğun olmayan bir təklifdir"
Ancaq Arif Hacılının Qubad İbadoğluya cavabı gecikməyib. "Mən Qubad İbadoğlunun öz seçki kampaniyasına mənim istefamı tələb etməklə başlamasına görə təəssüf edirəm"-deyə qeyd edən Hacılı bunu real vəziyyətə uyğun olmayan təklif kimi kimi dəyərləndirib: "Bu real vəziyyətə uyğun olmayan bir təklifdir... Arif Hacılının bu həftələr ərzində icra aparatının rəhbəri olub-olmaması onların seçiminə təsir göstərə bilməz".
Arif Hacılının namizədliyini dəstəkləyəcəyini deyən başqan müavini Mehman Cavadoğlu da bildirib ki, Qubad İbadoğlunun belə bir yanaşması doğru deyil. "Müsavat partiyasında intellektual potensial yalnız Qubad İbadoğluda deyil"-deyə qeyd edən Cavadoğlu həmçinin bildirib ki, istefa verib seçkilərə qatılmağı da doğru hesab etmir: "Belə bir ənənə Müsavat partiyasında indiyə kimi heç vaxt olmayıb. Amma indi bəziləri belə bir fikirdədirlər ki, belə olsa daha yaxşı olar. Onlar hesab edirlər ki, əgər başqanlığa namizəd vəzifədən istefa verərək seçkilərə qatılsa, istefa verən şəxs tərəfindən seçki prosesində müdaxilələrə yol verilməyəcək. Ancaq bir daha xatırladıram ki, Müsavatda istefaya gedərək, seçkilərə qatılmaq ənənəsi olmayıb. Ona görə də bu fikirlərin əleyhdarları və tərəfdarları var. Bu təklifi real hesab etmirəm. Ümumiyyətlə bu prosesi həyata keçirmək çətin olacaq. Çünki belə fikirləri daha öncədən irəli sürmək və razılaşdırmaq lazım idi".
Tural Abbaslı: "Müsavata necə başqan lazımdır?"
Arif Hacılı ilə yanaşı, namizədliyi rəsmən qeydə alınmış Tural Abbaslı da Qubad İbadoğlunun seçki kampaniyası çərçivəsində onun tərəfdarlarının yanlış fikir səsləndirdiklərini deyib. Tural Abbaslının fikrincə, İbadoğlunun tərəfini saxlayan Hikmət Hacızadə "intellektual" namizəd kimi yalnız Qubad İbadoğlunu gördüyünü deməklə qarşıdurmalara səbəb olan ifadələr işlədib: "Bu bütün müsavatçıların deyil, yalnız Hikmət Hacızadənin qiymətləndirməsidir. Belə bir fikirin irəli sürülməsi həm də belə bir mübahisə predmeti ola bilər ki, Müsavata necə başqan lazımdır? Meydanı tanıyan, partiyanı tanıyan, partiya işinin nə olduğunu bilən, yoxsa Hikmət Hacızadənin dediyi intellektual başqan? Əslində düşünmürəm ki, mübariz insanlarda intellektual potensial olmur. Ona görə də Hikmət bəyin işlətdiyi bu ifadə tam uğurlu ifadə deyil".
Göründüyü kimi, qurultay və seçkilər ərəfəsində partiyadaxili söz atışmaları tam sürətlə davam etməkdədir və belə bir mövcudluq həm də onu proqnozlaşdırır ki, Müsavatın qurultayı keçirilsə belə, başqanlıq seçimi həmin qurultayın işini yarımçıq qoyacaq. Bununla da İsa Qəmbərin başqanlıq postunda qala bilməsi ehtimalı yenidən gündəmə gətirilə bilər.
Rövşən NURƏDDİNOĞLU