Əli Orucov: "Siyasi partiyaların hüquq müdafiəçiliyi ilə məşğul olması gündəmdən çıxarılmalıdır"
"Azərbaycan Milli İstiqlal Partiyası" (AMİP) "siyasi məhbuslarla" bağlı məsələləri bir qədər fərqli düşünür. Ona görə də onların hüquqlarının qorunması üçün yaradılan qurumların heç birində iştirak etmir". Sözügedən fikirləri SİA-ya açıqlamasında AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov müxalifət düşərgəsində ayrı-ayrılıqda fəaliyyət göstərən müdafiə komitələrinə, eləcə də həmin qurumların qəbul etdikləri qərarlara münasibət bildirərkən deyib.AMİP rəsmisinin fikrincə, siyasi partiyaların vəzifələri tamamilə fərqlidir: "Bu səbəbdən də hesab edirik ki, "siyasi məhbusların" hüquqlarının müdafiəsi ilə hüquq müdafiəçiləri məşğul olmalıdır. Ancaq biz də siyasi partiya olaraq, ölkədə hüququn aliliyinin qorunması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik".Əli Orucov yaradılan qurumların fəaliyyəti ilə bağlı onu da qeyd etdi ki, bu qurumlar effektiv fəaliyyət göstərmirlər: "Yığıncaq və toplantılardan başqa fəaliyyət mexanizmləri yoxdur. Partiyalar üzərinə düşən işlərlə məşğul olmalıdır. Ümumiyyətlə, siyasi partiyaların hüquq müdafiəçiliyi ilə məşğul olması gündəmdən çıxarılmalıdır".Milli Şura və AXCP-nin, eləcə də Müsavatın təşəbbüsü ilə yaradılan digər müdafiə komitəsinin ayrı-ayrılıqdakı fəaliyyəti məsələsinə də toxunan AMİP Mərkəzi Şurasının üzvü vurğulayıb ki, Azərbaycanda sözügedən istiqamətdə fəaliyyət göstərən bu qüvvələr həmin məsələdən, məhz siyasi məqsədlər üçün istifadə edirlər: "Onlar bu addımları ilə siyasi divident qazanmaq istəyirlər. Ona görə də biri digərinin yaratdığı qurumun fəaliyyətini qəbul etmir və birgə fəaliyyətdən yayınırlar. Həbs olunanların hüquqlarının müdafiəsi ilə bağlı dedikləri və etdikləri yalnız partiyalarına əlavə divident gətirilməsinə hesablanıb".Xatırladaq ki, bugünlərdə KXCP-nin qərargahında AXCP və Milli Şuranın iştirak etmədiyi Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantısında "Demokratiyanı Müdafiə Xartiyası" qəbul olunub və qarşı tərəf həmin "xartiyanı" uğursuz adlandırıb.
sia.az