Eldəniz Quliyev: "Eldar Namazov məni müdafiə etmədi və məhkəməyə də gəlmədi"
Eldar Namazov: "Ona vəkili mən tutmuşam"
"EL" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə verildikdən sonrakı müddətdə müxalifət düşərgəsini etinazsılqda, qorxaqlıqda, onu müdafiə etməməkdə günahlandırır. O, "EL" Hərəkatının özünün Ali Məclisinin sədrinin müdafiəsi yönündə fəaliyyətini qənaətbəxş hesab etməyərək hərəkat üzvlərini də qınayıb. Lakin onun bu məsələdə əsas hədəfi Eldar Namazov olub: "Təəssüf ki, bu, belədir. Eldar Namazov məhkəmə prosesində iştirak eləmədi, mənim müdafiəm üçün heç çalışmadı da".
E.Quliyevin onu ittiham etməsinə "EL" Hərəkatının sədri E.Namazov cavab verib. E.Quliyevə "xatırlatmalarla" danışan E.Namazov bildirib ki, ona qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası irəli sürüləndə mən xaricə səfərə hazırlaşırdım: "Səfərə getməmişdən öncə onunla görüşdüm. Bu məhkəmə iddiası ilə bağlı mətbuata açıqlama verdim. Səfərdə olan zaman məhkəmə prosesi başlanmışdı və mən Parisdən Eldəniz Quliyevlə yazışdım. Ona vəkil tutulmasında rolum böyük oldu. Bunu mən etdim. Səfərdən qayıdandan sonra vəkillə danışıb durumla maraqlandım. Kimləri ki, orada görmək istəyirdi, onlar üzürlü və ya başqa hansısa səbəbdən məhkəmədə iştirak edə bilməyiblər. Bunu da, inşallah, aydınlaşdırarıq".
Göründüyü kimi E.Namazov E.Quliyev üçün nə edibsə hamısını bir-bir sayır və dolayısı ilə sübut etməyə çalışır ki, guya xaricdə olduğu üçün məhkəmə proseslərində iştirak edə bilməyib. Qeyd edək ki, Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə ittiham olunur. O, yol polislərini təhqir etdiyinə və onlara böhtanlar atdığına görə məhkəməyə verilib.
Samir Feyruzov