Xəzər Teyyublu: "Əli Kərimlinin adamlarının "Milli Şura"ya üzv olmasına etiraz edirik"
Fuad Qəhrəmanlı: "Kimin nə deməsindən asılı olmayaraq biz istədiyimizi edəcəyik"
Rafiq Manaflı: "KAXCP buna etiraz etməklə səhv edir"
Bildiyimiz kimi "Milli Şura"nın ötən həftənin sonunda keçirilən sessiyasına nə KXCP sədri Mirmahmud Mirəlioğlu qatıldı, nə də müavinləri. Bu, bir daha sübut edir ki, KXCP ilə "Milli Şura" arasında böyük problemlər var. Məlum olub ki, KXCP rəhbərliyi "Milli Şura"nın sözügedən sessiyasında quruma AXCP-yə yaxın bir qrup şəxsin üzv qəbul ediləcəyini əvvəldən bilib və buna etiraz olaraq sessiyaya qatılmayıb. Hətta KXCP buna etiraz əlaməti olaraq hələlik şifahi şəkildə "Milli Şura"nı tərk edib.
KXCP sədrinin müavini Xəzər Teyyublu "Milli Şura" ilə aralarındakı gərgin münasibətə aydınlıq gətirərək bildirib ki, "Milli Şura"nın son qərarından narazıyıq və yeni üzvlərin quruma qəbul olunmasına etirazlarını bildirirlər: "Xatırlayırsınızsa, mayın 3-də KXCP-nin qərargahında keçirilən sessiyada "Milli Şura"nın genişləndirilməsi adı altında yeni üzvlər təqdim olundu. Biz o üzvlərin hamısına etiraz etmədik. Biz təklif etdik ki, yeni üzvlər "Milli Şura"ya daxil olan partiyalardan heç birinin üzvü olmasın. Bitərəf şəxslər olsun. O zaman AXCP tərəfindən təqdim edilən siyahıya etiraz etmişdik. Etirazımızdan sonra məsələ gündəlikdən çıxarıldı. Biz bildirmişdik ki, əgər "Milli Şura"nın tərkibi qurumda olan partiyaların üzvləri hesabına genişlənəcəksə, bunu genişlənmə adlandırmaq olmaz. Çünki "Milli Şura" daha geniş anlam daşıyır. Təəssüf ki, bu məsələ sanki heç müzakirə edilməmiş kimi yenidən sentyabrın 14-də keçirilən sessiyanın gündəliyinə daxil edilib. Yeni qəbul olunan üzvlər də Əli Kərimlinin rəhbərlik etdiyi qurumlara daxil olan şəxslərdir. "Milli Şura"nın tərkibinin bu cür genişləndirilməsinə ehtiyac yoxdur. Partiya üzvlərinin artırılması "Milli Şura"da daxili mübarizəyə səbəb olacaq. Biz mayın 3-də keçirilən sessiyada buna etiraz etmişdik, bu gün də etiraz edirik".
X.Teyyublu KXCP-nin bundan sonra "Milli Şura"dakı fəaliyyəti ilə bağlı yaxın günlərdə qərar verəcəklərini söylədi: "Dediyim kimi, bu məsələ partiyamız tərəfindən etirazla qarşılanıb. Biz bu məsələni çox ciddi şəkildə müzakirə edəcəyik. "Milli Şura"da qalıb-qalmamaq məsələsi müzakirələr nəticəsində bəlli olacaq. Bu gün üçün "Milli Şura"nın üzvü olaraq qalırıq. "Milli Şura" ölkədə bir müxalif düşərgə olmalıdır. Müxalifət düşərgəsində iki qütbün olması xoş hal deyil".
"Milli Şura"nın üzvü, VHP ali məclisinin sədri Rafiq Manaflı isə səslənən etiraz və narazılıqlara baxmayaraq, "Milli Şura"ya yeni üzvlərin qəbul ediləcəyini deyib: "Milli Şura"ya yeni üzvlərin qəbul edilməməsi qurumun dinamizmini aşağı salır. Əgər "Milli Şura"ya qoşulmaq istəyənlər varsa, buna imkan yaradılmalıdır. Qurumun əsasnaməsinə uyğun olaraq yeni üzvlər qəbul edilir. Bu prosesə start verildikdən sonra bunu dayandırmaq da düzgün olmaz. Yeni üzvlərin qəbul edilməsi ilə bağlı problem yaranarkən bunun həlli məsələsi Cəmil Həsənliyə həvalə edilmişdi. Bildiyim qədəri ilə də bu istiqamətdə danışıqlar aparıldı. Yeni üzvlərin qəbul edilməsinə etiraz etmək olmaz".
R.Manaflının mövqeyi onu deməyə əsas verir ki, KXCP-nin nə deməsindən asılı olmayaraq, yeni üzvlərin qəbulu əvvəlki şəkildə davam etdiriləcək. Bu isə KXCP ilə münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxaracaq. Məsələyə sosial şəbəkələr vasitəsilə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da münasibət bildirib. O deyib ki, "Milli Şura"ya yeni üzvlərin qəbuluna kimlərsə mane olmaq istəyəcək: "Amma biz istədiyimizi edəcəyik. Əsas odur ki, sessiyada səkkiz nəfər "Milli Şura"ya üzv qəbul edildi".
Göründüyü kimi KXCP-nin yeni üzvlərlə bağlı etirazı digər üzvlər tərəfindən həm saymamazlıqla qarşılandı, həm də "Milli Şura"nın üzvləri arasındakı vəziyyəti daha da gərginləşdirdi. Həmçinin bu məsələ KXCP-nin "Milli Şura"dan çıxmasını gündəmə gətirdi.
Samir Feyruzov