PDF Oxu

Müxalifət

  • 50

Xədicə İsmayılın Avropa erməniçiliyi turu

Xədicə İsmayılın Avropa erməniçiliyi turu

Və ya Azərbaycana qarşı növbəti iyrənc təxribatçılıq cəhdi

"Azadlıq" Radiosunun əməkdaşı Xədicə İsmayılın Azərbaycan dövlətçiliyinə qarşı təxribat cəhdləri, o cümlədən, erməni dəyirmanına su tökmək səyləri davam edir. Belə ki, məhz onun iyrənc səyləri nəticəsində Avropa Şurasında qeyri-rəsmi olsa belə, ölkəmizə qarşı həsr olunmuş "dinləmələr" keçiriləcək. Əgər həmin dinləmələrdə kimlərin iştirak etdiyinə nəzər salsaq bir daha şahidi olarıq ki, burada əsas hədəf məhz Azərbaycan dövlətidir. Beləliklə, Xədicə İsmayılın Avropa erməniçiliyi turu davam edir. "Azərbaycanda görünməmiş repressiyalar" adlandırılan "dinləmələrdə" isə rəsmi olaraq Avropa Şurasının mövqeyi yoxdur. Məsələ ondadır ki, həmin "dinləmələrin" AŞPA binasında yerləşən zalda keçirilməsi o demək deyil ki, Xədicə İsmayıl bütün AŞPA deputatları qarşısında çıxış edəcək. Daha dəqiq desək, bu gün Xədicə İsmayılın təbliğatını aparan "Azadlıq" qəzeti sözügedən "dinləmələrlə" bağlı ictimai rəydə çaşqınlıq yaratmağa cəhd göstərir. Ancaq görünən budur ki, bu məsələdə növbəti dəfə anti-Azərbaycan qüvvələrinin təlimatları dayanıb.

Digər tərəfdən o da sirr deyil ki, Xədicə İsmayılın "dinləmələrdə" çıxışını daim Azərbaycanın əleyhinə kampaniyalar aparan tərəflər dinləyəcək. Mediaya Beynəlxalq Dəstək (İnternational Media Support - İMS), İnsan Hüquqları Evi Fondu (HRHF), "Article 19", "Human Rights Watch" və digər təşkilatlardır. Bu təşkilatlar zaman-zaman ölkəmizə qarşı qərəzli mövqelərdən çıxış etməklə yanaşı, hesabatlar təqdim ediblər. O cümlədən, sözügedən təşəbbüsü irəli sürən AŞPA üzvləri Maylis Reps (Estoniya), Tini Koks (Niderland), Maykl Maknamara (İrlandiya) və Piter Omtziqt (Niderland), "Freedom Now"dan Maran Terner, "Human Rights Watch" təşkilatından Georgi Qoqiya "Article 19"-dan Natali Losekut bir dəfə də olsun insan haqlarının qorunması istiqamətində Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmin təcavüz nəticəsində insanlarımızın pozulan haqları barədə məruzələr etməyib, dinləmələr keçirməyiblər. Təbii ki, belələri ilə əməkdaşlıq edən Xədicə İsmayıla da bu kimi məsələlər maraqlı deyil. Onu maraqlandıran əsas məsələ "siyasi məhbus" və "söz azadlığının qorunması" pərdəsi altında qazancdır. Bu işdə isə əlbəttə ki, erməni maraqlarından çıxış edən Avropanın bəzi QHT-ləri, o cümlədən, qondarma erməni soyqırımını dəstəkləyən deputatlarıdır.

Beləliklə, məsələ tamamilə aydındır. Xədicə İsmayıl Varşavadakı mənfur və iyrənc addımının dalınca, indi də AŞPA-da həmin əməllərini təkrarlamağa çalışır. Bu zaman belə bir sual yaranır ki, görəsən Xədicəyə ermənipərəst qurumlar və avropalı deputatlar tərəfindən ödəniləcək məbləğ onu "Azadlıq" qəzetində təbliğ etdirən AXCP sədri Əli Kərimli ilə bölünəcəkmi?

Rövşən RƏSULOV

P.S: Bu arada daha bir xatırlatma. Xədicənin çox sevdiyi gürcü QHT-çi Georgi Qoqiya Gürcüstanda ən çox nifrət edilən fərdlərdəndir. Belə ki, o, ermənipərəst mövqedən çıxış edərək, Cavaxetiyanın Ermənistana birləşdirilməsi istiqamətində fəaliyyət göstərən milli satqınlardandır. Xədicənin isə belə separatçı və xalq tərəfindən qəbul olunmayan şəxslərlə əlbir olması təbiidir!

Digər xəbərlər