Bu prosesdə hər bir təşkilat yetkilisinin əməyi var
Müsavat partiyasının qurultayından sonra başqanlığa iddialı olan namizədlər arasındakı narazılıq parçalanma ilə başa çatıb. Artıq başqanlığa iddialı olan Qubad İbadoğlu öz tərəfdarları ilə görüşündə şərtlər irəli sürüb, hətta ultimativ tonda fikirlər səsləndirib. Belə ki, Qubad İbadoğlu tərəfdarları ilə görüşdə partiyanın inkişafı və güclənməsi üçün təkliflər irəli sürüb və partiya rəhbərliyinə bu təkliflərin reallaşması üçün üç ay vaxt verib. Məhz bu baxımdan, İbadoğlunun təkliflərini bu şəkildə irəli sürməsi bir çoxları tərəfindən partiya rəhbərliyi ilə ultimatum dili ilə danışmaq kimi qiymətləndirilib.
Gülağa Aslanlıdan Qubad İbadoğluna: "Bu, ona başucalığı gətirməyəcək"
Bununla bağlı Müsavat başqanının müavini Gülağa Aslanlı İbadoğlunun ultimativ fikirlərinə sərt mövqe sərgiləyib. O, həmçinin, yeni başqan Arif Hacılıya, yaxud da digər rəhbərliyə hər hansı sənədin təqdim edilmədiyini bildirib: "Bizə hələ ki, heç bir sənəd təqdim olunmayıb...Bundan sonra da kimsənin bu fikirdə olması ona başucalığı gətirməyəcək".
Onu da qeyd edək ki, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli də SİA-ya açıqlamasında bildirmişdi ki, artıq danışmağın, ittihamlar irəli sürməyin zamanı deyil. Hacıbəyli qarşı tərəfi səbr etməyə dəvət etməklə, əslində İbadoğlu qrupunu daha da qıcıqlandırıb.
Heydər Oğuz: "Müsavat partiyası bir daha birləşməsi mümkün olmayacaq şəkildə parçalandı"
Artıq partiyanın parçalanmasını partiyanın köhnə üzvləri də təsdiq etməkdədirlər. Buna misal olaraq, köhnə müsavatçı, şair-publisist Heydər Oğuzun dedikləri fikirləri göstərmək mümkündür. Heydər Oğuz parçalanma prosesində yalnız İbadoğlunun günahının olmasını düzgün hesab etməyib və hətta bu istiqamətdə keçmiş başqan İsa Qəmbərin də kifayət qədər suçunun olduğunu deyib. Qubad İbadoğlunun düzənlədiyi tədbirdə iştirak edən şair-publisist toplantının nəticəsini bu cür şərh edib: "Qubad İbadoğlunun çağrışıyla toplanan müsavatçılıarın yığıncağından gəlirəm. Təəssüratlarımı qısa şəkildə belə bölüşmək olar- Musavat partiyası bir daha birləşməsi mümkün olmayacaq şəkildə parçalandı. Bundan sonra hətta Məhəmməd Əmin Rəsulzadə dirilib gələ, onu yenə birləşdirə bilməz. Anladığım qədəriylə bu çatın yaranmasında əski başqanın tərəf tutması ciddi rol oynayıb. Təəssüf ki, İsa Qəmbər taktiki səhvləriylə tarixi köklərə sahib bir partiyanın parçalanmasına yol açmaqla qalmadı, həm də bir vaxtlar ürəyi onun eşqiylə döyünən təşkilatın önəmli bir qismini öz düşməninə çevirdi. Ən maraqlısı odur ki, İsa Qəmbəri açıq şəkildə tənqid edən partiya mənsubları Müsavatın intellektual qaymağıdırlar".
Nə baş verə bilər?
Beləliklə, artıq uzun müddət idi ki, Müsavat partiyası ətrafında parçalanma barədə irəli sürülən fikirlər, verilən proqnozlar özünü doğruldub. Burada söz yox ki, İsa Qəmbərin xüsusi rolu olması ilə yanaşı, digər partiya rəsmilərinin də əməyi mövcuddur. Məsələn, xatırlatmaq mümkündür ki, hələ Müsavatın gənclər təşkilatına keçirilən seçkilərdə baş verən ciddi narazılıqlar, o cümlədən, hazırkı başqan Arif Hacılının GT-yə keçirilən seçkilərdəki hədsiz müdaxilələri proqnoz verməyə əsas yaradırdı ki, Müsavat partiyasının parçalanma əsası genişlənir. Başqa tərəfdən, ayrı-ayrı qrup maraqlarının qurultayda açıq şəkildə özünü büruzə verməsi, qurumun seçkili orqanlarına keçirilən seçkidə ciddi pozuntuların üzə çıxması deyilənləri bir daha təsdiq etmiş oldu.
Bütün bunlar isə Müsavatın AXCP kimi eyni aqibəti yaşayacağı ilə nəticələnə bilər. Məsələn, AXCP zaman-zaman altı yerə parçalanaraq, ayrı-ayrı adlar altında fəaliyyət göstərdiyi kimi, Müsavatın da eyni parçalanma dövrü keçəcəyini ehtimal etmək olar. Sözügedən hadisələr bir daha onu göstərir ki, ənənəvi müxalifət düşərgəsindəki ən çox nəzərə çarpan partiyalarda naşı idarəçiliklə yanaşı, avtoritarçılıq, qeyri-demokratik mühit, böyük iddialar amili kifayət qədərdir. Monolit olmayan istənilən siyasi təşkilatın parçalanması isə qaçılmaz proses kimi dəyərləndirilməlidir.
Rövşən Nurəddinoğlu