PDF Oxu

Müxalifət

  • 32

Sərdar Cəlaloğlu “Azadlıq”ı OXUMUR

Sərdar Cəlaloğlu “Azadlıq”ı OXUMUR

"Bu qəzetə yazılan bütün məqalələr, verilən bütün müsahibə və açıqlamalar bilavasitə AXCP sədri Əli Kərimlinin sifarişi ilə hazırlanır"

Sərdar Cəlaloğlu AXCP Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetində məqalə yazan Xaliq Bahadırın onu adıçəkilən qəzetdə ittiham etməsinə fikrini bildirib. SİA-ya açıqlama verən ADP sədri bu tipli yazıların onun üçün əhəmiyyətsiz olduğunu bildirib: "Açığını deyim ki, mən "Azadlıq" qəzetini oxumuram. Niyə oxumamağıma gəlincə deyim ki, məni bu qəzetin kim tərəfindən və necə senzuraya qapadıldığını görürəm. Onu da bilirəm ki, mənim haqqımda dərc edilən yazılar da orada razılaşdırılıb. Bu baxımdan, belə fikirlərin oxunmasının nə mənası var axı?! Əgər "Azadlıq" qəzeti azad fikrin məhsuludursa, bu başqa şeydir. Ancaq bunun belə olmadığını hər kəs çox gözəl bilir".

"Bu sözlərdən sonra Xaliq Bahadır haqsızlığa uğradığını, şantaja məruz qaldığını sərgiləyib"

Sərdar Cəlaloğlu Xaliq Bahadırı qeyri-təbii xarakterə malik olan şəxs adlandırıb: "Xaliq Bahadıra gəlincə, onun qeyri-təbii xarakterə, emosianal xasiyyətə malik olduğunu bilirəm. Onun mənim barəmdə yazısı emosional təfəkkürün məhsuludur. Guya o mənim haqqımda nə isə yazıb, mən də gedib Taliyyət bəyə demişəm ki, ona cavab versin. Taliyyət bəy də gedib "facebook" hesabında Xaliq Bahadıra nə isə cavab yazıb. O soruşub ki, Sərdar Cəlaloğlu prezident seçkilərindəki debatlarda Cəmil Həsənlinin mövqeyinə dəstək verəndə, Əli Kərimlinin oğlu həbs edilərkən onun həbsini pisləyəndə yaxşıydı, indi də olub pis? Bax, bu sözlərdən sonra Xaliq Bahadır haqsızlığa uğradığını, şantaja məruz qaldığını sərgiləyib, Taliyyət bəyin haqlı iradlarını öz təbirincə böyüdüb. Ona görə də onun hansı qəzetdə nə yazdığı haqqında maraqlanmıram, bundan sonra da maraqlanmayacağam".

"Nəyimə lazımdır ki, kimlərinsə diktəsi altında yazılan yazıları oxuyum?!"

ADP sədri təfəkkürlü adamların yazılarını oxuduğunu deyib: "Mən o adamların fikirlərini oxuyuram ki, həmin adamların yazdıqlarında ağıl, düşüncə, təfəkkür mövcuddur. Araşdırıb ortaya çıxarıram ki, əgər həmin adamlar məndən fərqli və yararlı nə isə yazıb, düşüncələrini paylaşıblarsa, mən də təbii ki, həmin fikirlərlə razılaşıram. Yoxsa emosional şəkildə qələmi əlinə alıb hisslərini cilovlamadan ağzına gələni yazırsan. Əlbəttə, bu doğru deyil. Nəyimə lazımdır ki, kimlərinsə diktəsi altında yazılan yazıları, kimlərinsə senzurası altından keçən məqalələri oxuyum?!"

"Əbülfəz bəyin əleyhinə olan bütün qüvvələri məhz Xaliq Bahadır ortaya çıxarırdı"

Partiya sədri Xaliq Bahadır haqqında xatırlatma da edib: "Əbülfəz Elçibəy hakimiyyətə gələndə Azərbaycan Dövlət Televiziyasında Əbülfəz bəyin əleyhinə olan bütün qüvvələri məhz Xaliq Bahadır ortaya çıxarırdı. Onun əleyhinə intervülər alırdı. O vaxtlarda mən də müxalifətdəydim və Xaliq bəy mənim özümü də televiziyaya çağırıb, Elçibəy hakimiyyəti ilə bağlı düşüncələrimi alırdı. İndi onun bu kimi fikirlərlə çıxış etməsi ilə həmin zamankı hərəkətlərini özünüz müqayisə edin".

Sərdar Cəlaloğlu son olaraq bir daha bildirdi ki, "Azadlıq" qəzetində yazılan bütün məqalələr, verilən bütün müsahibə və açıqlamalar bilavasitə AXCP sədri Əli Kərimlinin sifarişi ilə hazırlanır: "Burada əsas senzuranı Əli Kərimli edir. Ona görə də "Azadlıq" qəzetinə ciddi mətbuat orqanı kimi baxmıram".

sia.az

Digər xəbərlər