"Əgər Qubad İbadoğlu tərəfdarlarının iddia etdiyi kimi Müsavat Partiyasına keçirilən başqanlıq seçkiləri saxtalaşdırılıbsa, təbii ki, orada kəskin parçalanmalar da olacaq". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli son günlər Müsavat Partiyasında davam edən kütləvi istefalara münasibət bildirərkən deyib.Aparat rəhbərinin sözlərinə görə, seçkilərin saxtalaşdırılmasına dair proqnozlar hələ Müsavatın qurultayı ərəfəsində verilməyə başlanılmışdı: "Müsavat Partiyasının qurultayının ilk günündə ekspertlər bu barədə hətta fikirlər də irəli sürürdülər. Amma Qubad İbadoğlunun öz tərəfdarları ilə görüşündən sonra demək olar ki, bu iki qüvvə arasında heç bir halda barışıq yarana bilməz. Müsavat Partiyasında çox böyük çat əmələ gəlib. Güman edirəm ki, sözügedən partiya artıq bölünəcək. Məncə, Müsavat daxilində baş verən istefaları iki cür xarakterizə etmək olar. Belə ki, bir hissə tamamilə Müsavat Partiyasından gedəcək, digər hissə isə istefa verə və yaxud da digər partiyalara qoşula bilər. Ötən gün "Milli Şura"nın keçirilən mitinqi də göstərdi ki, Müsavat Partiyası artıq o gücdə deyil ki, aksiyalara qoşulsun. Bu mənada hesab edirəm ki, bu partiyanı gələcəkdə çox ciddi parçalanmalar gözləyir".
sia.az