PDF Oxu

Müxalifət

  • 42

Narazıların İsa Qəmbərə hücumları artır

Narazıların İsa Qəmbərə hücumları artır

Müsavat məclisinin üzvü Vurğun Əyyub bu dəfə daha sərt danışdı

Müsavatda qurultaysonrası gərginlik pik həddinə doğru sürətlə irəliləməkdədir. Artıq istefaların ardı-arası kəsilmir. Partiyadan istefaya gedən funksionerlər də etiraf edirlər ki, qurultayda başqanlığa və digər seçkili orqanlara ədalətsiz seçkilərin keçirilməsi onların istefalarının əsas səbəbidir.

Bu arada Müsavat məclisinin üzvü Vurğun Əyyub da narazılıqların baş verməsində sabiq başqan İsa Qəmbəri günahlandırıb və eyni zamanda bütün olayların əsas baiskarının da onun özünün olduğunu deyib. Vurğun Əyyub mətbuata açıqlamasında bildirib ki, İsa Qəmbər qurultayda baş verən olayları ört-basdır edir.

"Bu müraciəti araşdırıb, konkret cavab vermək əvəzinə, söz oyunu oynamaqla, müxtəlif bəhanələr göstərməklə məşğuldurlar"

Müsavat yetkilisi eks-başqanın blef etdiyini, eləcə də söz oyunu oynadığını bildirib: "Müsavat partiyasının qurultayının gedişi ilə bağlı konkret narazılıqlar var və bununla əlaqədar partiyanın uyğun qurumlarına müraciət edilib. Bu müraciəti araşdırıb, konkret cavab vermək əvəzinə, söz oyunu oynamaqla, müxtəlif bəhanələr göstərməklə məşğuldurlar. Təbii ki, partiyada bu cür münasibətdən narazı qalıb, istefa verənlər olur".

Vurğun Əyyubun fikrincə, partiyada istefa verənlərə münasibət də adekvat deyil və bu, əlavə narazılıq, gərginlik yaradır. O, hesab edir ki, sabiq başqan, hazırda məclis üzvü olan İsa Qəmbərin partiya məclisinin keçən həftənin şənbə günü keçirilən iclasındakı çıxışı qurultayda baş verənləri ört-basdır etmək cəhdidir: "Hər halda, İsa Qəmbər də həmin şikayətlərə konkret qurumların cavabını gözləyib, münasibət bildirə bilərdi. Əvvəlcədən bu cür münasibət sərgiləmək, əslində o şikayətlərin əhəmiyyətsiz bir şey olduğunu nəzərə çatdırmaq, yaxud o qüsurları ört-basdır etmək cəhdidir".

"Ortada konkret müraciətlər var"

Onu da qeyd edək ki, artıq bir neçə dəfə partiyanın MNTK-sına müraciətlər olsa da, oranın səlahiyyətliləri həmin müraciətləri əsassız hesab ediblər. Bu amil isə gərgin vəziyyəti daha da gərniləşdirməkdədir. Məhz Vurğun Əyyub da bu amili xatırladaraq, şikayətçilərin və narazıların müraciətlərinin cavabsız qaldığını diqqətə çatdırıb: "Ortada konkret müraciətlər var və o müraciətlər diqqətlə, ədalətli bir şəkildə araşdırılmalı, partiya üzvlərinə bu barədə cavab və məlumat verilməlidir".

Göründüyü kimi, vəziyyətin kritikləşməsi partiyadaxili münasibətləri kökündən silkələyib və qarşıda növbəti istefaların da baş verəcəyini istisna etmək olmaz. Hətta növbəti istefa verəcək tərəflərin məhz Qubad İbadoğlu və Vurğun Əyyub olacağını da proqnozlaşdırmaq mümkündür. Onlar istefa verərlərsə, tərəfdarlarının da partiya sıralarını tərk edəcəyini gözləmək mümkündür.

Mübariz QULİYEV

Digər xəbərlər