Müsavat rəhbərliyinin mitinqə qatılması çaxnaşma yaradıb
Oktyabrın 12-də "Məhsul" stadionunda "Milli Şura" tərəfindən keçirilən mitinq və mitinqdə baş verənlər bu quruma daxil olan partiya və fərdlər arasında qarşıdurmaya səbəb olub. Belə ki, terror təşkilatı olan İŞİD-in qara bayrağının havaya qaldırılmasından tutmuş, azyaşlı uşaqalrın da aksiyaya cəlb edilməsi yaranan narazılıqları böyüdür. O cümlədən, mitinqdə cənub və Muğan bölgəsindən olan adamların çoxluq təşkil etməsi qurum daxilində qohumbazlığın və regionçuluq prinsiplərinin vüsət aldığını açıq şəkildə göstərməkdədir. Məhz bu kimi amillər "Milli Şura"nın daxilində kəskin qarşıdurmalara qədər inkişaf etməkdədir.
Bir neçə AXCP funksioneri Cəmil Həsənli və Əli Kərimli cütlüyünün bu addımını doğru hesab etmədiklərini bildiriblər
Lakin daha bir olay - Müsavat rəhbərliyinin mitinqə qatılması və buna rəğmən, Cəmil Həsənli ilə Əli Kərimlinin köhnə müttəfiqlərini tribunaya dəvət etməməsi, həmçinin, adicə salam belə verməməsi də orada narazılıqlara səbəb olmaqdadır. Məsələ ondadır ki, bir neçə AXCP funksioneri Cəmil Həsənli və Əli Kərimli cütlüyünün bu addımını doğru hesab etmədiklərini bildiriblər. Xüsusilə, sosial şəbəkədə yazılan statuslarda qeyd edilir ki, hazırda Müsavat partiyası ilə düşmənçilik mövqeyində olsalar da İsa Qəmbərin, Arif Hacılının, Gülağa Aslanlının, Tural Abbaslının, AXP sədri Pənah Hüseynin tribunaya dəvət edilmələri lazım idi. Ancaq bu ittihamlarla çıxış edənlərə qarşı çıxanlar da var. Belələri isə bildirirlər ki, əslində, müsavatçıları nəninki mitinqin tribunasına dəvət etmək, heç "Məhsul" stadionunun ərazisinə belə buraxmamaq lazım idi.
İsa Qəmbər "Milli Şura"nın parçalanması prosesində yenidən aparıcılıq rolunu oynamaqda davam edir
Digər tərəfdən o da iddia olunur ki, Müsavat rəhbərliyinin "Milli Şura"nın mitinqinə qatılması İsa Qəmbərin hələ də ortada olmasını reklam etdirməsi olub. Daha dəqiq desək, bununla eyham vurulub ki, Müsavatın keçmiş başqanı olsa da İsa Qəmbər proseslərə nəzarət sükanını əlindən buraxmaq fikrində deyil. Həmçinin, İsa Qəmbərin mitinqə qatılması onun tərəfindən blef kimi də qiymətləndirilir. O da idia olunur ki, Müsavat rəhbərliyi mitinqə qatılmaları ilə növbəti qarşıdurmanın baş verməsini istəyiblər.
Artıq göründüyü kimi, İsa Qəmbər hətta başqan olmasa belə, "Milli Şura" daxilində parçalanma mühitini yaratmağa nail olub. Qeyd edilən ziddiyyətli fikirlərin yaranması da onun planının tərkib hissəsi kimi reallaşmaqdadır. Beləliklə, İsa Qəmbər "Milli Şura"nın parçalanması prosesində yenidən aparıcılıq rolunu oynamaqda davam edir.
Rövşən NURƏDDİNOĞLU