Müsavat Partiyasından istefalar davam edir. SİA-nın məlumatına görə, partiya fəalı Amid Süleymanov "facebook" səhifəsində Müsavat üzvlüyündən çıxdığını bəyan edib. "2005-ci ildən qeyri rəsmi dəstəkçisi, 2011-ci ildən isə rəsmi üzvü olduğum Müsavat partiyasından istefa verirəm"- deyə yazan müsavatçı gənc onu da qeyd edib ki, artıq onlara qarşı partiya daxilində gizli qrup hücuma keçib: "Müsavatdan getməyimə səbəb uzun illər bu yolda həyatını qoyan çox dəyərli şəxslərin övladları olan gənclərə belə partiya rəhbərliyini tənqid etdikləri üçün çəkinmədən iftiraların atılması, təhqir olunmaları (məlum gizli qrupda) və ən acınacaqlısı isə həmin şəxslərin partiyada hegemonluq etməsi, onlara "gözün üstə qaşın var" deyənin olmamasıdır. Vəziyyət o həddə çatıb ki, həmin şəxslər çox rahat şəkildə partiyanın hansısa seçkili orqanına namizədliklərini verirlər. Gizli qrupda və açıq şəkildə Qubad İbadoğlunu dəstəkləyən müsavatçıları təhqir edənlərə qarşı bu günə qədər tədbir görülməyən və bu etik sərhədlərin tapdalanmasına göz yuman rəhbərliyi olan bir partiyada qalmağın heç bir mənası yoxdur. Rəsulzadənin Müsavatını sadəcə qəlbimizdə yaşatmaq qaldı. Biz heç nə itirmədik, bizləri itirdilər. Yolumuza davam edirik".
Xatırladaq ki, sentyabrın 27-də keçirilən qurultaydan sonra Müsavatın sıralarını xeyli insan tərk edib. Ekspertlər isə bu istefaların davamlı şəkil alacağağını istisna etmirlər.
sia.az