PDF Oxu

Müxalifət

  • 19

Müsavatı daha nələr gözləyir?

Müsavatı daha nələr gözləyir?

Məclisə, divana və gənclər təşkilatına keçiriləcək seçkilər ərəfəsi ziddiyyətlər artır

Müsavat partiyasında qurultaysonrası cərəyan edən hadisələrin ardı gəlməkdədir. Belə ki, partiyanın məclisinin, divanının boş qalmış yerlərinə, o cümlədən, gənclər təşkilatının sədrlik postuna seçkilərin keçirilməsi gözlənilir. İlk iki struktura keçiriləcək seçkilər bu ayın 25-nə təyin olunub. Gənclər təşkilatının sədrlik postu uğrunda isə mübarizənin günü məhz oktyabrın 25-də müəyyən olunacaq.

Partiyada istefalar dalğası heç də səngiməyəcək, əksinə artacaq

Lakin bütün bunların müqabilində istər-istəməz belə bir sual yaranır - Müsavat partiyasını qarşıda daha nələr gözləyir? Əgər qurultaysonrası ziddiyyətlərin, söz savaşlarının və ardıcıl istefaların baş verdiyini nəzərə alsaq, ilk olaraq belə qənaətə gələ bilərik ki, bu hal hələ bir müddət davam edəcək. Daha dəqiq desək, bundan öncə məclis üzvlüyünə keçirilən seçkilərdə də ciddi narazılıq hökm sürür. Seçkilərin nəticələri ətrafında qarşıdurmalar davam edir. Eyni zamanda məclisə və divana keçiriləcək sədrlik seçkilərini də buraya əlavə etsək, onda indidən proqnozlaşdırmaq mümkündür ki, partiyada istefalar dalğası heç də səngiməyəcək, əksinə artacaq.

Gənclər sosial şəbəkə vasitəsilə köhnə müsavatçıları kəskin şəkildə tənqid hədəfinə çevirirlər

Digər tərəfdən, Müsavatın gənclər təşkilatına olan ötən seçkilərdəki qarşıdurmalar, söz atışmaları da bu kimi vəziyyətdə odun üzərinə benzin tökmüş olacaq. Hələ ötən seçkilərdə ilk seçkinin nəticələrinin ləğv olunması, yenidən seçkinin keçirilməsi buna yüz faiz dəlalət edir. Artıq Müsavat partiyasını tərk edən gənclər də belə fikirlər irəli sürməkdədirlər ki, partiyadakı qocalar gənclərin fəaliyyətinə ciddi şəkildə mane olurlar. O cümlədən, gənclər sosial şəbəkə vasitəsilə köhnə müsavatçıları kəskin şəkildə tənqid hədəfinə çevirirlər.

Ancaq onu da nəzərə almalıyıq ki, hələ eks-başqan İsa Qəmbərin partiyaya sədrliyi dövründə hazırkı başqan Arif Hacılı partiyadaxili olaylarda öz rolunu oynayıb. İsa Qəmbər isə pərdəarxası vəziyyətdə bilavasitə Arif Hacılının fikirlərini müdafiə edib, onu dəstəkləyib. Əbəs yerə deyil ki, başqanlığa namizəd olmuş Qubad İbadoğlu da ötən açıqlamalarının birində birbaşa İsa Qəmbəri günahlandıraraq, partiyadaxili məsələlərdə onu suçlamışdı.

2000-ci ildə olduğu kimi, AXCP-nin yaşadıqlarını Müsavat partiyası da yaşamalı olacaq

Bütün bunları nəzərə alaraq belə qənaətə gələ bilərik ki, Müsavatı bundan sonra daha kəskin ziddiyyətlər gözləyir. Hətta belə proqnozlar da irəli sürülür ki, Müsavat parçalanma ərəfəsində iki qrupa bölünmək təhlükəsi ilə üz-üzə qalacaq. Yəni eynilə 2000-ci ildə olduğu kimi, AXCP-nin yaşadıqlarını Müsavat partiyası da yaşamalı olacaq. Bu amil isə adıçəkilən partiya üçün heç də yaxşı heç nə vəd etmir.

Afət TAHİRQIZI

Digər xəbərlər