PDF Oxu

Müxalifət

  • 39

Müsavatın qurultayının fəsadları

Müsavatın qurultayının fəsadları

Partiyanın rəhbər strukturlarındakı istefalara artıq rayon təşkilatları da qoşulub

Müsavat partiyasının sentyabrın 27-də keçirilən qurultayının fəsadları getdikçə artır. Belə ki, partiyadaxili qruplaşmaların açıq mübarizəyə keçməsi ilə illərdir davam edən çəkişmələrdən "qalib" çıxan yeni başqan Arif Hacılının tərəfdarlarının əlinə bir fürsət düşüb. Partiyada yaşanan gərginlik göstərir ki, Arif Hacılının "dəstəsi" sabiq başqanlığa namizəd Qubad İbadoğlunu və onun tərəfdarlarını hədəfə götürüb. Bu isə partiyanın parçalanmasını bir qədər də sürətləndirir.

Artıq partiyanın rəhbər strukturlarındakı istefalar rayon təşkilatlarına transfer olub. Belə ki, bu günlərdə Tovuz rayon təşkilatının tam tərkibdə partiyadan istefa verməsi bunun davamlı olacağının sübut edir. Təşkilatın sədri Miryaqub Ağamirlinin sözlərinə görə, onları bu addımı atmağa Müsavat partiyasının qurultayı ərəfəsində yaşananlar, qurultayda baş verənlər və qurultaydan sonrakı proseslər vadar edib: "Şura üzvləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, bu partiyada qalmağımız mümkün deyil. Mən artıq partiya üzvü deyiləm".

Səxavət Əlisoy: "Partiyada artıq təhqir və intiqam kampaniyası başlayıb. Bu isə yeni başqan Arif Hacılının növbəti oyunundur"

Başqanlığa namizəd olan və sonradan namizədlərdən Qubad İbadoğlunun xeyrinə namizədliyini geri götürən Səxavət Əlisoy isə partiyada artıq təhqir kampaniyası başlayıb: "Arif Hacılının məclisi yeni bir komissiya yaratsa, yerinə düşər, bu, heç də təəccüb doğurmur. Ortaya ciddi faktlar qoyulur, cavab vermək əvəzinə təhqir və intiqam kampaniyası başlayır. Gənclərlə işi "uğurla" bitirə bildilər. Əhsən. Sırada, deyəsən, Ellada xanım və Vurğun Əyyub dayanır. Artıq ox yaydan çıxıb və belə bir durumda Arif Hacılının məclisi dəstəsi, həmçinin ən "bərkgedən" təhqirçilərindən və qolugüclülərdən ibarət bir intiqam komissiyası yaratsa yaxşı olar. Kim bir tənqidi fikir söyləsə, bu komissiya dərhal onu cəzalandırmalıdır. Analitik mərkəzə artıq ehtiyac yoxdur. Bunun əvəzinə intiqam komissiyası yaranmalıdır".

Adil Qeybulla: "Qurultay partiyanı qorumadı, problemlər yaratdı"

Müsavatın keçmiş məclis və divan üzvü Adil Qeybulla Müsavat partiyasında başqan seçkilərindən sonra problemli partiyanın dərdləri daha da çoxaldığını deyib: "Seçkilərdən sonra belə vəziyyətin yaranacağını proqnozlaşdırırdıq. Sonuncu qurultay partiyanın tamlığını qorumaq, mütəşəkkiliyini artırmaq əvəzinə, problemli Müsavata xeyli problemlər yaratdı. Bu da onu göstərir ki, əgər qurultayın nəticələri partiyanın xeyrinə deyilsə, bunu xeyli düşünmək lazımdır. Bu, olduqca məyusedici situasiyadır. Ola bilər, kimlərsə 4 divar arxasında 5 adama şüarlar deyib özlərini sakitləşdirirlər, amma situasiya həqiqətən narahatedicidir".

Göründüyü kimi, Müsavatın qurultaydan sonrkı fəsadları bundan sonra daha çox üzə çıxacaq. Vay Müsavatın bundan sonrakı halına.

R.HÜSEYNOVA

Digər xəbərlər