Şakir Abbasov: "Müsavatın qurultayına da getmişdim"
AXCP-dən istefa verən Əli Kərimlinin müşaviri Şakir Abbasov yeni partiya mənsubiyyətinin olacağını istisna etməyib. SİA-xəbər verir ki, keçmiş cəbhəçi gələcək siyasi fəaliyyəti ilə bağlı münasibətini açıqlayarkən bu fikirdə olduğunu bildirib.
Onun sözlərinə görə, Müsavat Partiyasından dəvət alsa, həmin təşkilata üzv ola bilər: "AXCP rəhbərliyindən fərqli olaraq, Müsavat Partiyasının apardığı xətti dəstəkləyirəm. Müsavatın qurultayına da getmişdim. Qurultaya gedəndən sonra mənim üstümdə çox söhbətlər oldu ki, niyə getmisən? Dedim necə yəni, bəlkə düşmən qapısına getmişəm?! Dəvətnamə veriblər, çağırıblar getmişəm. Orada məndən başqa da adamlar var idi".
Əli Kərimlinin Müsavatı qurultay və yeni başqan seçkiləri ilə bağlı təbrikdən də imtina etdiyini də xatırladan eks AXCP üzvü keçmiş sədri Əli Kərimlinin Müsavat başqanı Arif Hacılı ilə yola getməyəcəyini də vurğulayıb: "Yeni başqanla onun yolu düz gəlməz axı! Çünki kimin kimə işlədiyi aydındır".
Şakir Abbasov AXCP rəhbərliyinin pul düşkünü olduğunu qeyd edərək, partiyanın acınacaqlı vəziyyətdə olduğunu bildirib: "Partiya pul düşkünlərinin, sui-istifadə edənlərin və şəxsi mənafe güdənlərin əlinə düşdü".
Xatırladaq ki, bu son zamanlar AXCP-dən olan birinci istefa deyil. Ötən müddət ərzində partiyanın sıralarını bir neçə nəfər tanınmış funksioner tərk edib. Onlar da istefa səbəblərini Əli Kərimlinin avtoritar idarəçiliyi ilə əlaqələndiriblər.
sia.az