PDF Oxu

Müxalifət

  • 42

AzDP-dən Müsavata qarşı yeni hücum planı

AzDP-dən Müsavata qarşı yeni hücum planı

Sülhəddin Əkbər: "Partiya çalışır ki, öz ideyasını yaysın, sıralarını genişləndirsin"

Son zamanlar müxalifət düşərgəsində yerdəyişmələr və transfer hallarının sayı çoxalmaqdadır. Bu arada daha bir partiya - keçmiş müsavatçı Sülhəddin Əkbərin təsis etdiyi Azad Demokratlar Partiyası (AzDP) da yeni yaranmış təşkilatın sıralarını transferlər hesabına artırmağı planlaşdırır. Məhz belə bir məqamda - xüsusilə digər müxalifət partiyalarında baş verən istefalar məqamından maksimum şəkildə yararlanmağa çalışan AzDP sədri də istisna etməyib ki, onun hazırkı məqsədi partiya sıralarını genişləndirməkdən ibarətdir.

"Azərbaycanda hər bir müxalifət partiyasının zəifləməsi, bütövlükdə müxalifətin potensialına mənfi təsir göstərir"

Mətbuata açıqlamasında "Müsavatdan partiyamıza gəlməyi düşünənlər var"-deyə bildirən Sülhəddin Əkbər son günlər Müsavat partiyasının qurultayından sonra partiya daxilində yaşanan gərginlik fonunda oradan AzDP-yə üz tutanların olacağı barədə səslənən fikirləri dolayısı ilə təsdiq edib: "Gələcəkdə Müsavat və ya başqa partiya üzvü öz fəaliyyətini dayandırıb və siyasi fəaliyyətini bizim partiyada davam etdirmək istəyəcəksə, təbii ki, biz buna yetkili orqanlarda baxıb münasibət bildirəcəyik. Heç şübhəsiz ki, hər bir partiya çalışır ki, öz ideyasını yaysın, sıralarını genişləndirsin. Bizim partiya da yeni yarandığına və təşkilatlanma mərhələsində olduğuna görə təbii ki, bu məsələyə müsbət baxacağıq".

AzDP sədri ümumilikdə müxalifət daxilində gedən prosesləri də şərh edərkən etiraf edib ki, bugünkü düşərgə kifayət qədər deqradasiyaya uğrayıb və zəifdir. Bu zəifləmə amili isə istər-istəməz bir partiyadan digər partiyaya sıçrayır: "Azərbaycanda hər bir müxalifət partiyasının zəifləməsi, bütövlükdə müxalifətin potensialına mənfi təsir göstərir".

AzDP ilə əməkdaşlıq etmək istəyən müxalifət partiyaları Sülhəddin Əkbərin prinipini qəbul etməlidirlər

Müxalifət partiyaları ilə əməkdaşlığa gəlincə isə Sülhəddin Əkbər həmin əməkdaşlığın mümkünlüyünü desə də, bildirib ki, AzDP-nin əməkdaşlıq edəcəyi digər təşkilatların ideoloji prinsipi onların ideoloji prinsipləri ilə üst-üstə düşməlidir. Əks halda bu əməkdaşlıq qeyri-mümkündür: "Bu, siyasətdir. Qurultayımızın həm strateji, həm də taktiki münasibətlərin qurulması ilə bağlı qərarları var. Strateji münasibətləri ancaq bir halda qura bilərik: Partiyaların əsas prinsipləri bizim partiyanın prinsipləri ilə üst-üstə düşsün. Çünki AzDP liberal-demokratik dəyərləri əsas götürən partiyadır. Əgər demokratiyaya keçidlə bağlı geniş əsaslı birlik yaranarsa, bu formatda aktiv iştirak etmək niyyətindəyik. Taktiki əməkdaşlığa gəlincə, bu, əsasən seçkilərlə bağlı ola bilər. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Müvəqqəti, seçki müddətində müəyyən partiyalarla əməkdaşlıq edə bilərik".

Göründüyü kimi, AzDP sədri əməkdaşlıq məsələsində digər partiyalara öz siqnallarını verib. Daha dəqiq desək, AzDP ilə əməkdaşlıq etmək istəyən müxalifət partiyaları Sülhəddin Əkbərin prinsipini qəbul etməlidirlər. Ancaq bu faktorun reallaşacağını da düşünmək sadəlövhlük olardı. Çünki heç bir müxalifət partiyası digər müxalifət partiyasının siyasi kursuna boyun əymək fikrində deyil. Məhz bu kimi məsələləri bilən Sülhəddin Əkbər hazırda əsas fəaliyyət istiqamətini başqa partiyalardan istefa verənləri öz partiyasına cəlb etmək üzərində qurub. Hələlik isə, onun hədəfində Müsavat partiyasıdır. Hətta onu da ehtimal etmək olar ki, AzDP sədrinin Müsavatdan sonrakı hədəfi AXCP ola bilər.

Afət TAHİRQIZI

Digər xəbərlər