Bunu partiyadan istefa verənlərin və Əli Kərimlinin gizli "söyüş qrupu" timsalında da görmək çətin deyil
AXCP-dən istefalar davam etməkdədir. Belə ki, artıq bir neçə ay ərzində Əli Kərimlinin rəhbərlik etdiyi siyasi təşkilatdan onlarla üzv çıxıb. Maraqlısı da budur ki, cəbhənin sıralarını tərk edənlərin əksər çoxluğu məhz partiya sədrini günahkar görməkdədirlər. Bu yaxınlarda Orxan Carçının AXCP sıralarını tərk edərkən ona qarşı yağdırılan təhqirlər, daha sonra Əli Kərimlinin müşaviri Şakir Abbasovun, o cümlədən, daha bir tanınmış partiya üzvü İslam Mahmudovun istefalarından sonra onlara qarşı başladılan çirkin kapmpaniyaların arxasında da məhz cəbhə sədrinin və özü tərəfindən təsis edilmiş gizli "söyüş qrupu"nun adı hallanır.
Gizli "söyüş qrupu" növbəti istefaların qarşısını ala bilmədiklərini gedənlərə təhqirlər yağdırmaqla sübuta yetirir
Lakin bütün bunlara rəğmən, AXCP-dəki istefaların qarşısı alına bilinmir. Artıq daha bir neçə cəbhəçi funksionerlərin yaxın günlərdə partiya sıralarını tərk edəcəkləri barədə məlumatlar əldə olunmaqdadır. Beləliklə, başda Əli Kərimli olmaqla, partiyanın rəhbər şəxsləri və sosial şəbəkədə fəallıq edən gizli "söyüş qrupu" növbəti istefaların qarşısını ala bilmədiklərini gedənlərə təhqirlər yağdırmaqla sübuta yetirirlər.
Digər tərəfdən, söyüş və hədə ifadələri ilə qarşılaşan istefaçılar bütün bunlarla yanaşı, vaxtilə partiyada göstərdikləri xidmətlərinə görə "xəyanətkar", "satqın" adlandırırlar. Maraqlıdır ki, səsli-küylü istefasından sonra Şakir Abbasovu hakimiyyətə işləməkdə ittiham edən AXCP rəhbərliyinə qarşı elə istefa edən tərəf də eyni ittihamı irəli sürür.
Əbülfəz Qurbanlı "tələ" adlandırıldı
Məsələn, Şakir Abbasov öz açıqlamasında bütün bunların gözlənilən olduğunu deyib və xüsusilə, Əli Kərimlinin müavini Əbülfəz Qurbanlını hədəfə alıb. O, partiya sədrinin müavinini "tələ" adlandırıb: "Bu gün bir qrup gənclə görüşdüm. Orda məndən Əbülfəz Qurbanlı haqqında fikrimi soruşdular. Dedim onun adı Əbülfəz Qurbanlı yox, tələdir. Çalışın, tələyə düşməyin. Mən istəyərəm ki, Azərbaycan müxalifətində ölkənin demokratik gələcəyi üçün çox gənclər toplaşsın. Amma o tələyə Qurbanlının tələsinə düşməyin, o, iqtidarın müxalifətdə olan bir tələsidir. Gənclərin çoxu da mənimlə razılaşdı. Mən ötən illərdə çox gənclərimizin ardınca çox həbsxanalara getmişəm, Şüvəlanda və Kürdəxanıda olmuşam. Cabbar Savalanlı, İlkin Rüstəmzadə, Daşqın və digər gənclərimizlə görüşmüşəm. Amma Əbülfəz uşaqlara bir tikə çay-çörək aparmadı. Yazdım ki, "İlkin, bayırdan nə istəyirsən?" Dedi heç olmasa Əbülfəz Qurbanlıya de ki, bizə kitab göndərsin. Bax, bunlar belədir. Bu baş verənlər sübut etdi ki, başda Əli Kərimli olmaqla AXCP kənardan idarə olunur, daxildən idarə olunmur".
Daha öncədən verilən proqnozlar özünü kifayət qədər doğrultmaqdadır
Şakir Abbasov bundan sonra da istefaların dava edəcəyini bildiri: "Orda hələ çox proseslər gedəcək. Mən müəyyən məsələləri hiss edirəm və daxildən də müəyyən mesajlar var".
Göründüyü kimi, daha öncədən verilən proqnozlar özünü kifayət qədər doğrultmaqdadır. Bu istefaların davam edəcəyini isə biz deyil, məhz AXCP-nin daxilində prosesləri yaxşı bilənlər də etiraf edirlər. Daha dəqiq desək, AXCP-nin iç üzünü onun sıralarını tərk edənlər açır. Bunu isə partiyadan istefa verənlərin və Əli Kərimlinin gizli "söyüş qrupu" timsalında da görmək çətin deyil.
Rövşən RƏSULOV