Partiya parçalanmış şəkildə ayrı-ayrı qurultay keçirəcək
Azərbaycan Milli Demokrat Partiyasında ("Boz qurd") uzun müddətdir ki, yaranmış fikir ayrılıqları adıçəkilən siyasi təşkilatın parçalandığını bir daha təsdiq edir. Belə ki, hələ ötən ildən başlayaraq, AMDP-də İsgəndər Həmidov-Qələndər Muxtarlı qarşıdurması yaşanmaqdadır. Hər iki tərəfin fəalları sosial şəbəkədə və mətbuatda qarşılıqlı ittihamlarla çıxış edərək, öz "liderlərini" AMDP-yə daha layiq sədr kimi gördüklərini ifadə etməkdədirlər. Nəticədə iki qanada parçalanmış "Boz qurdlar" qurultaya hazırlıq məsələsində də ortaq məxrəcə gələ bilməyiblər. Bu isə AMDP-nin parçalanmış şəkildə iki ayrı-ayrı qurultay keçirməsi ilə başa çatacaq. Artıq sözügedən məsələ ətrafında gedən söhbətlər də bunu deməyə əsas yaradır.
İsgəndər Həmidov: "Kimsə bunu öz arşını ilə ölçəcək"
Məsələn, AMDP-nin qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri İsgəndər Həmidov qurultayla bağlı deyib ki, onun tərəfdarları bu ilin payızında təşkilatın tədbirini keçirməyi planlaşdırıblar. Lakin bu, baş tutmayıb: "Çox güman ki, gələn ilin əvvəllərində, fevral-mart ayında qurultayımızı keçirəcəyik. Bəlkə də kimsə bunu öz arşını ilə ölçərək və müxtəlif yanlış nəticələr çıxaracaq. Ancaq biz təşkilatlanma işini sakit və intensiv şəkildə həyata keçiririk, inşallah, media əhli və cəmiyyət gələn il necə güclü bir partiya olaraq siyasi meydana gələcəyimizi görə biləcək. Ancaq bu gün diqqəti özümüzə cəlb edərək hədəfə gəlmək istəmirik. Bu tələskənlik partiya quruculuğuna və qarşıya qoyduğumuz vəzifələrin icrasına mane ola bilər".
Göründüyü kimi, İsgəndər Həmidov burada əsas sözünü bilavasitə düşməni hesab etdiyi Qələndər Muxtarlıya ünvanlayıb. Yəni o, "diqqəti özümüzə cəlb etmək istəmirik" deməklə, onu eyham vurub ki, artıq AMDP-nin İsgəndər Həmidov qanadı Qələndər Muxtarlı qanadına sürprizlər hazırlayıb.
"Partiyamızın növbəti qurultayını keçirmək məsuliyyətini öz üzərimizə götürürük"
Lakin İsgəndər Həmidov öz tədbirini görərkən, AMDP-nin digər qanadının "lideri" Qələndər Muxtarlı da qarşı tərəfi susdurmaq planlarını hazırlamaqdadır. O, İisgəndər Həmidovdan fərqli olaraq, pafoslu çıxışlara üstünlük verməyərək, real işlə məşğul olduğunu sərgiləməyə çalışıb. Belə ki, Qələndər Muxtarlı onun tərəfdarları olan "Boz qurdların" qurultayının dəqiq vaxtını verdiyi bəyanatı ilə ifadə edib. Muxtarlının qurultaya hazırlıq üzrə təşkilat komitəsindən verilən məlumata görə, 16 noyabr 2014-cü ildə partiyanın növbəti qurultayı keçiriləcək. Onun verdiyi məlumata görə qurultaya hazırlıq üzrə təşkilat komitəsinin 50-yə yaxın üzvü var: "Biz ciddi müzakirələrdən sonra Milli Azadlıq Hərəkatında fəal təşkilatçı və iştirakçısı olaraq Qarabağ savaşının veteranları, Milliyyətçi Demokrat Partiyasının üzvləri bildiririk ki, partiyamızın növbəti qurultayını keçirmək məsuliyyətini öz üzərimizə götürürük. Bu günlərdə Milliyyətçi Demokratik Partiyanın ideolojisini, hədəflərini növbəti dəfə Azərbaycan cəmiyyətinə açıqlayacağıq."
Buradan da açıq şəkildə görünür ki, AMDP-nin parçalanmış şəkildə qurultaya getməsi bir yana, təşkilatın bir-birinə düşmən kəsilmiş gücləri bütün hallarda açıq savaşa keçəcəklərini gizlətmirlər. Çünki indidən bəllidir ki, nə İsgəndər Həmidovun, nə də ki, Qələndər Muxtarlının "Boz qurdları" qarşılıqlı kompromisə getmək fikrində deyillər.
Digər tərəfdən, İsgəndər Həmidovun qurultayı ertələməsindən sonra Qələndər Muxtarlının dəqiq vaxt bildirməsi də onu göstərir ki, o, AMDP-nin Həmidov qanadını qabaqlamaq istəyir. Bütün bu amillər isə belə qənaətə gəlməyə zəmin yaradır ki, qarşıda radikal düşərgədə daha bir barışmaz qarşıdurmanın şahidinə çevriləcəyik. Bu hal isə demək olar ki, bütün ənənəvi müxlaifət düşərgəsinə sirayət edən parçalanma nöqtəsidir.
Rövşən RƏSULOV