Partiyada cərəyan edən proseslər qopmaların sayının artacağına əminlik yaradır
Müsavatın qalmaqallı qurultayından sonra bu partiyadan istefaların veriləcəyi ilə bağlı fikirlər dolaşırdı. Ehtimallar özünü doğrultdu və qurumdan silsilə istefalara start verildi. Partiya sıralarını tərk edən gənclərdən sonra gənclər təşkilatının sədri özü də istefa verdiyini bəyan etdi. Onun ardınca başqan müavinlərinin, oktyabrın 15-də Tovuz rayon təşkilatından tam tərkibdə istefa verdilər. Bu günlərdə isə keçmiş millət vəkili, partiya üzvü Nəsib Nəsibli Müsavatdan istefa verdi.
Məsələyə münasibət bildirən Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Nəsib Nəsiblinin partiyadan istefasını Müsavat üçün böyük itki hesab edir: "İstefanın səbəbləri barədə məlumatım yoxdur. Nəsib bəyin özü nə vaxtsa bu səbəbləri açıqlayacaq. Lakin partiyada cərəyan edən proseslərin qopmaların sayını artıracağını düşünürəm. Çünki ləyaqətli müsavatçıların saxtakarlığı həzm etməsi çətin məsələdir. Bu baxımdan da N.Nəsibli başqanlıq seçkisində bu saxtakarlığa göz yuma bilməzdi".
S.Əlisoy yeni rəhbərliyə güclü Müsavatın lazım olmadığını da deyib: "Dost-tanışlarından, qohum-qardaşlarından ibarət bir qurum lazımdır. Güclü Müsavatı populistlər idarə etmək iqtidarında deyil. Bunun üçün zehniyyət dəyişməlidir. Ömrünü şüarçılığa həsr etmiş birisi heç vaxt düşüncələrini dəyişə bilməz". O, noyabrın 8-dən sonra bir çox suallara cavab tapılacağını, bəzi məsələlərə aydınlıq gətiriləcəyini deyib.
Göründüyü kimi, qurultaydan sonra "Müsavat"ın parçalanacağı haqqında proqnozlar özünü doğruldur. Yəni partiyadakı istefalar da artıq "Müsavat"ın parçalanmasına start verildiyini təsdiqləyir. Yaxın günlərdə istefa verənlərin sırasının genişlənəcəyi isə şübhəsizdir.
Ü.ƏSGƏROV