"Razi Nurullayevdən narahatam"
Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl bu dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayevi hədəfə alan fikirlər irəli sürüb. SİA-nın məlumatına görə, Xədicə İsmayıl sosial şəbəkədəki profilində Əli Kərimlinin müavinini hakimiyyətə işləməkdə günahlandırıb: "Razi Nurullayevdən narahatam. Şəxsiyyətin ikiləşməsi problemləri ilə bağlı mütəxəssislərə müraciət etmək lazımdır. Amma Razi Nurullayevdən də çox Obamadan narahatam. "İndi Azərbaycanda QHT qanunvericiliyi QHT fəaliyyətini mümkünsüz edib" -deyən Obamaya deyəcəklər ki, az danış, bizim öndə gedən müxalifət partiyasının sədr müavini deyir hər şey yaxşıdır, sənə nə düşüb? Yazıq Barak Hüseynoviç düşəcək təkərə. Gəl, indi bunlara izah elə ki, bizim müxalifət partiyalarında hökumətlə əlaqələr üzrə müavin postu formalaşmaqdadır. Cəbhəçilər də bizi intizarda qoymasın. Ayrı nə sürprizləri var, bəri başdan qoysunlar ortaya".
Lakin AXCP-nin sədr müavini Xədicə İsmayılın iddiasını cavabsız qoymayıb. Razi Nurulayev də öz profilində bildirib ki, kimin necə fikirləşməsindən asılı olmayaraq, öz yanaşmasını daha doğru hesab edir: "Mənim yumşaq tərzim ola bilər, amma bu, siz deyənlə əlaqəli deyil. Hər kəsin öz tərzi var. Məsələn, nə qədər çalışsam da, sizin kimi status yaza bilmərəm".
Xatırladaq ki, uzun müddət siyasi proseslərə dərindən yanaşmayan Razi Nurullayevə qarşı partiya rəhbərliyi tərəfindən də etimadsızlıq göstərilməkdədir. O, dəfələrlə hakimiyyətlə iş birliyində olmaqda ittiham edilib.
sia.az