PDF Oxu

Müxalifət

  • 33

Mirmahmud Mirəlioğlu Cəmil Həsənlini ələ saldı

Mirmahmud Mirəlioğlu Cəmil Həsənlini ələ saldı

"Milli Şura"nın mitinqindən xəbərsizəm"

"Milli Şura"nın tərkibində olmasına rəğmən, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) adıçəkilən qurumun iclaslarına qatılmaması, o cümlədən, aksiyalardan kənarda qalması hazırda düşərgənin bu qanadında olan proseslərin hansı müstəvidə cərəyan etməsini açıq formada sərgiləməkdədir. Bu baxımdan, "Milli Şura"nın rəhbərliyi KXCP-nin bu addımlarından qıcıqlandığını gizlətmir, bilavasitə partiya sədri Mirmahmud Mirəlioğlunu satqınçılıqda ittiham edir. Çünki o da bəllidir ki, KXCP "Milli Şura"nın tərkibində olmasına rəğmən, "siyasi məhbuslarla" bağlı həmin qurum tərəfindən yaradılmış təşkilatda deyil, Müsavat partiyasının təşəbbüsü ilə yaradılan eyni məzmunlu komitənin işinə qatılır. Belə ki, həmin komitədə fəaliyyət göstərən heç bir müxalifət partiyası "Milli Şura"nın üzvü deyil.

Vidadi Mirkamal: "Adama deyərlər, bilmirsən, oxu, öyrən"

Bu arada "Milli Şura"nın oktyabrın 12-də keçirilən mitinqinə qatılmayan KXCP sədri Mirmahmud Mirəlioğlunun noyabrın 10-da keçirilməsi planlaşdırılan növbəti aksiyadan xəbərsiz olduğunu deməsi mövcud vəziyyəti daha da gərginləşdirib. "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü, Əli Kərimliyə yaxınlığı ilə seçilən Vidadi Mirkamal da baş verən olaylarda bilavasitə KXCP sədrini ittiham edib. O bildirib ki, "Milli Şura"nın mitinqi barədə bütün saytlar və qəzetlərin yazmasına baxmayaraq, Mirmahmud Mirəlioğlunun bundan xəbərsiz olduğunu deməsi onun öz borcudur. "Milli Şura" təmsilçisi KXCP sədrinə ittihamlar yağdıraraq deyib ki, əgər o, həqiqətən də özünü partiya sədri kimi ictimai-siyasi arenada olan adam hesab edirsə, mitinq barədə xəbərdar olmağa borclu idi: "Mitinqin keçiriləcəyi haqda qərardan xəbərsiz olması mümkün deyil. Digər tərəfdən, Mirmahmud bəy koordinasiya mərkəzinin iclaslarında iştirak etmədiyi üçün verilən qərarlardan da xəbərsiz olur. Halbu ki, biz hər iclasdan öncə ona da xəbər veririk. İclasların keçirilməsi haqqında mərkəzin hər bir üzvünə bir gün öncədən mesajla vaxtı, yeri və müzakirə olunacaq məsələlər haqqında məlumat verilir. Mirmahmud bəyə də məlumat verilir, lakin o, iclaslarda iştirak etmir. İndi durub xəbərim yoxdur deyirsə, problem özündədir. Adama deyərlər, bilmirsən, oxu, öyrən. Yox istəmirsənsə, belə deməyə də haqqın yoxdur. Mirmahmud bəyə xüsusi dəvətnamə göndərməliyik? Biz toy etmirik".

Xəzər Teyyublu: "Mirmahmud bəy nə bu məsələdən xəbərdar olmağa, nə də bu qərarı dəstəkləməyə borcludur"

Lakin özünə qarşı irəli sürülən ittihamları cavabsız qoyan Mirmahmud Mirəlioğlu onu suçlayan Vidadi Mirkamalı ələ salaraq, öz yerinə müavini Xəzər Teyyubluya cavab haqqı tanıyıb. KXCP sədrinin müavini Xəzər Teyyublu barələrində deyilən fikirlərin onlar üçün əhəmiyyətsiz olduğunu söyləyib: "Mirmahmud Mirəlioğlu atdığı addımları, dediyi sözləri düşünərək edir. Əslində, mitinq qərarının verildiyi iclasda iştirak etməyibsə, deməli, Mirmahmud bəy nə bu məsələdən xəbərdar olmağa, nə də bu qərarı dəstəkləməyə borcludur".

Əslində, bu olayın özü də belə qənaətə gəlməyə zəmin yaradır ki, "Milli Şura"nı ciddi qurum hesab etməyən Mirmahmus Mirəlioğlu indi də həmin quruma qarşı iztehzalı münasibət sərgiləyir. Əgər belə olmasaydı, ən azından KXCP-nin aşağı ranqlı funksioneri "Milli Şura"nın iclaslarına göndərilə, partiyanın həmin qurumdakı iştirakı təmin edilə bilərdi. Amma göründüyü kimi, bu amil yoxdur. Yox olduğu üçün isə baş verənlərin nəticəsi bəri başdan bəllidir.

Afət TAHİRQIZI

Digər xəbərlər