"Hesab edirəm ki, Ermənistanda yaradılan Avrasiya İttifaqı Nazirliyi onların xilas, nicat tapmasına deyil, əksinə işğalçı ölkənin ümidlərini göstərə bilər". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Ermənistanda yaradılan Avrasiya İttifaqı Nazirliyinə münasibət bildirərkən deyib.Beynəlxalq ekspertin sözlərinə görə, Ermənistanın iqtisadi durumu, göstəriciləri zəif olsa da, işğalçı ölkə hər bir qurumdan, yeni regional təşəbbüsdən maksimal dərəcədə istifadə etməyə çalışır. Təbii ki, bu rəsmi Yerevanın ümidlərini göstərir ki, hər hansı bir yolla öz iqtisadi durumunu çətin vəziyyətdən çıxara bilsin. Ümumiyyətlə işğalçı ölkədə belə bir nazirliyin yaradılması, hər bir yeni yaranmış quruma inteqrasiya üçün müəyyən bürokratik əngəllər yaradır. Bu əngəllərin yaradılması üçün isə bir neçə həlqənin, səylərin və qurumların istifadə olunması nəzərdə tutulur. Təbii ki, bunun üçün də yeganə koordinasiya mərkəzi yaradılmalıdır".Qondarma erməni soyqırımının ildönümündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi məsələsinə də münasibət bildirən T.Vahabov əlavə edib ki, hələ Türkiyə tərəfindən bu barədə rəsmi məlumat yoxdur: "Hesab edirəm, rəsmi məlumat olmadan erməni mətbuatında Türkiyə prezidentinin qondarma erməni soyqırımının ildönümündə iştirak edəcəyi ilə bağlı xəbərlərin yayılması işğalçı ölkə tərəfindən hansısa gizli gündəmi izləməyi göstərir. Ümumiyyətlə, soyqırım dünyada və Ermənistanda yaşayan ermənilər üçün birləşdirici amildir. Biz bilirik ki, iqtisadi cəhətdən erməni diasporasının Ermənistanda böyük rolu var. Təbii ki, bu, işğalçı ölkə üçün çox vacib həlqədir".
sia.az