\r\n
\r\n
\r\n Səxavət Əlisoy: "Amneziyan varsa, həkimə get"
\r\n
\r\n Narazı müsavatçı Səxavət Əlisoy partiyanın başqanı Arif Hacılının növbəti dəfə yalan danışdığını iddia edib. SİA-ya daxil olan məlumata görə, ötən gün \"Yeni Müsavat\" qəzetində Etibar Seyidağanın \"Başqan seçilməsəydiniz Siz necə edəcəkdiniz? Bu cür?\" sualına cavab verən Arif Hacılı vaxtilə partiya rəhbərliyindən narazı olduğunu istisna etməyib və bunu belə izah edib ki, narazı qaldığı zaman Bakıdan kənara çıxaraq, olanları unutmağa çalışıb: \"Mən 20 ildən çoxdur Müsavat Partiyasında fəaliyyət göstərirəm və bu müddət ərzində partiyada keçirilən bəzi seçkilərin nəticələrindən, müxtəlif təyinatlardan, müxtəlif seçki kampaniyalarında verilən təqdimatlardan narazı qaldığım vaxtlar olub. Bu narazılığımı şəxsi söhbətlərdə həm İsa Qəmbərə, həm Müsavat rəhbərliyində olan digər dostlarıma demişəm. Amma sonra ya şəhər kənarına çıxmışam, ya Zaqatalaya getmişəm, Qafqaz dağlarında gəzmişəm, təmiz hava almışam, bir-iki həftə oralarda gəzib beynim aydınlaşdıqdan sonra yenə də qayıdıb gəlib Müsavat Partiyasında öz fəaliyyətimi davam etdirmişəm. Bu qurultayın nəticəsində başqan seçilməsəydim, eyni ssenari təxminən təkrar olunacaqdı...\".
\r\n
\r\n Arif Hacılının bu ifadələrində yalan danışdığını qeyd edən Səxavət Əlisoy Müsavat başqanına xatırlatma edərək bildirib ki, o, belə olan təqdirdə hətta Müsavatdan istefa vermək istəyib: "Nağıl danıma, Hacılı! Sən Məclis sədrliyini uduzduğun seçkinin ertəsi günü partiya sıralarını tərk etmək barədə istefa ərizəsi verib getdin Zaqatalaya. Sən küsüb gedən günün axşamı partiyada sənin üçün nizamnamədən kənar bir vəzifə - Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi təsis olundu".
\r\n
\r\n Səxavət Əlisoy daha bir ilginc məqama da toxunaraq bildirib ki, Arif Hacılının daha öncəki postunun – Mərkəzi İcra Aparatı rəhbəri postunun təsis edilməsində Müsavat Partiyasının üzvü olmayan, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin təklifi rol alıb: "O vəzifənin ideya müəllifinin adını da çəkə bilərəm. Pənah Hüseyn! Amneziyan varsa, həkimə get. Yoxdursa, düz danış".
\r\n
\r\n
\r\n
\r\n sia.az
\r\n