Rövşən Qəmbər: "Müsavatdan hansı səbəbdən çıxarılmağıma indiyə kimi aydınlıq gətirilməyib"
İsa Qəmbərin qardaşı, Almaniyada yaşayan Rövşən Qəmbər sosial şəbəkədə yazdığı statusda partiyanın hazırkı başqanı Arif Hacılıya müraciət edib: "Partiyadan çıxarılmışam, lakin bu barədə ona məlumat verilməyib. Partiyadan hansı səbəbdən çıxarılmağıma indiyə kimi aydınlıq gətirilməyib. Müsavat partiyasının qurultayında mənə on dəqiqəlik çıxışıma imkan yaranmadı və hətta partiyadan çıxarıldığım mesajla yazıldı. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi. Bir daha bilmək istəyirəm, nə zaman siz və mən Skayp və ya WhatsApp ilə danışaraq mənim Müsavat partiyasının üzvü olmağıma, təzadlı vəziyyətin aydınlaşmasına, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma cavab ala bilərəm?"
Müsavata başqanın müavini Gülağa Aslanlı isə R.Qəmbərin bu fikirlərini saymazyana qarşılayaraq bildirib ki, R.Qəmbərin qurultaydan əvvəl də belə bir müraciəti olub: "Bu məsələ qurultaydan əvvəl divanda müzakirə olunub və ona 2009-cu ildə partiyadan öz ərizəsi ilə çıxarılması haqqında məlumat verilib".
Müsavat partiyasının gənclər birliyinin üzvü Səbuhi Məmmədov bizimlə söhbətində bu ziddiyətli məqama aydınlıq gətirdi: "Rövşən Qəmbərin ən böyük problemi doğma qardaşı ilədir. Onlar arasında olduqca pis münasibətlər var. Səbəb isə odur ki, hələ o vaxt Rövşən bizlərə deyirdi ki, İsa qardaşı olmağıma baxmayaraq mənim heç bir marağımı təmin etmir, problemlərimlə maraqlanmır. Hətta Müsavatda söz demək imkanlarımı da əlimdən alıb. O, indi xaricdə yaşayır. Fikir verdinizsə, Rövşən Qəmbər qurultayda İsa Qəmbərin namizədi olan Arif Hacılın yox, Qubad İbadoğlunu dəsətklədi və dedi ki, Qubad İbadoğlu çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdandır, ona görə də hesab edirəm, başqan Qubad bəy olmalıdır. Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, hələ qurultraydan öncə İsa Qəmbərin başqanlıqdan getməsini ən çox istyəyən və tələb edən adamlardan biri də qardaşı idi. Hətta bildiyim qədər, o İsa Qəmbərin mobil telefonlarına da aşağılayıcı mesajlar yazaraq onun başqanlıqdan getməsinin vacib olduğunu deyirmiş".
Samir