""El" hərəkatından istefalar bundan sonra daha da kütləviləşəcək. Eldar Namazovun David Şahnazaryanla saziş imzalaması satqınlıq və xəyanətdir. Bu isə bağışlanmazdır. Ona görə də, o cəzasız qalmamalıdır". Bu fikirləri SİA-ya Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov sözügedən məsələni şərh edərkən deyib. AHB sədrinin fikrincə, istefalar yalnız bununla əlqəli deyil: "İstefalara gəlincə burada başqa səbəblər də var. Yəni ilk öncə maddi məsələlərin olması ilə bağlıdır. Hər kəsə bəllidir ki, "EL"kimi qondarma qurumlara xaricdən vəsait ödənilir. Eldar Namazov isə ilkin mərhələdə ətrafında olanlara pul versə də, sonradan bundan imtina edib. Bu isə daxildə ciddi narazılıqların yaranmasına gətirib çıxarıb. Sonda narazılıqlar istefalarla nəticələnir. Eldəniz Quliyev və Mehdibəy Səfərovun istefaları bu narazılığın nəticəsidir".
Təhmasib Novruzov bildirib ki, müxalifət düşərgəsində konstruktiv düşüncəli insanların oradan uzaqlaşdırılmasının əsas səbəbi həmin düşərgənin yerində sayması ilə bağlıdır: "İstefaların bəziləri də, partiya sədrlərinə etirazlarla bağlıdır. "Bu gün "Müsavat" - "AXCP", "El" - "ADP", "AXCP" - "Ümid" və digər partiyalar arasında qarşıdurmalar geniş xarakter daşıyır. Bunlar düşərgənin parçalanmasına yol verən başlıca faktor hesab edilə bilər. Ölkədə fəaliyyət göstərən müxalifət qüvvələrinin hakimiyyətə qarşı rəqabət aparmağa nə gücü, nə də ki bacarığı var. Bu gün müxalifət partiyaları mübarizəni bir-birinə qarşı çeviriblər. Bunlar arasında gedən mübarizənin əsas səbəblərindən biri də müxalifət təmsilçilərinin xaricdən aldıqları qrantların, maliyyə vəsaitlərinin bölüşdürülməsi məsələsi ilə bağlıdır. Bu da bir daha onu sübut edir ki, müxalifətin bu cür hərəkətlərə əl atması onları irəliyə yox, geriyə doğru aparır".
sia.az