PDF Oxu

Müxalifət

  • 25

Fraksiya yaranır

Fraksiya yaranır

Müsavat isə parçalanır

Uzun müddətdir ki, Müsavat daxilində fraksiyanın yaradılması ilə bağlı davam edən qeyri-müəyyənliyə son qoyulmaqdadır. Artıq bu məsələdə tərəddüd edən tərəflər fraksiyanın yaranmasının qaçılmaz olduğunu dərk etməkdədirlər. Düzdür, bir müddət öncə narazı tərəflər partiyanın yeni rəhbərliyinin onların tələblərini qəbul edəcəyi və qərarlarına hörmətlə yanaşacağı təqdirdə fraksiyanın yaradılmasını təxirə salacaqlarını deyirdilər. Ancaq görünən budur ki, onların başqa çarələri qalmayıb. Bu zaman sual yaranır ki, əgər fraksiya yaradılarsa, Müsavat partiyasının ikiyə bölünməsi nə qədər real görünər? Çünki daha öncələr buna bənzər hallar AXCP-də, KXCP-də o cümlədən AMİP-də də yaşanmışdı. AXCP-də "Yurd" qrupunun fraksiya şəklində fəaliyyəti partiyanın parçalanması ilə nəticələndi. KXCP-də narazıların Elçibəy-Rəsulzadə fraksiyasının yaratmaları bu partiyanın sıralarında kütləvi istefalarla başa çatdı. AMİP-də də eyni hal yaşandı və oradan istefa verənlər VİP-i yaratdılar. Bununla da fraksiya amilinin istənilən siyasi təşkilatı parçalayacağını kifayət qədər ehtimal etmək olar.

Qeyd etdiyimiz kimi, Müsavat partiyasında yeni rəhbərliyin legitimliyini tanımayan narazılar fraksiya yaratmaq qərarını veriblər. Artıq bu barədə müəyyən bəyanatlar, açıqlamalar da verilməkdədir. Fraksiya ideyasının müəllifi, başqanlığa keçmiş namizəd Tural Abbaslı açıqlamasında ötən həftənin şənbə günü Qubad İbadoğlunun da iştirakı ilə toplantı keçirdiklərini bildirib. Onun sözlərinə görə, toplantıda bu həftənin çərşənbə gününə qədər fraksiyanın yaradılması, onun idarə forması, kollegial, yoxsa həmsədrlik institutunun olması, məqsədi və digər mexanizmlərini özündə əks etdirən sənəd hazırlanacaq: "Bu sənədi Qubad bəy hazırlayacaq və birgə müzakirə edəcəyik. Fraksiya olaraq nizamnaməni pozmadan partiyadaxili qurum olaraq fəaliyyət göstərəcəyik".

Başqanlığa keçmiş namizəd Q.İbadoğlu isə qərarlarını çərşənbə günü açıqlayacaqlarını bildirib. Lakin digər maraqlı cəhət narazı qrupdan olan Hikmət Hacızadənin, Səxavət Əlisoyun, Əlövsət Talışxanlının fraksiyada təmsil olunmamaları ilə bağlı gəldikləri qərardır. Belə ki, Arif Hacılının əsas əleyhdarlarından olan, bir müddət öncə Müsavatdan çıxarılan S.Əlisoy toplantıda iştirak etmədiyini bildirib: "Mən Bakıda olmamışam, ona görə müzakirələrdən xəbərsizəm. Bununla bağlı Qubad bəylə əlaqə saxlayacam".

Onu da xatırlatmaq yerinə düşərdi ki, S.Əlisoy partiyadan uzaqlaşdırıldıqdan sonra təşkilatın qurucularından hesab edilən H.Hacızadə, Ə.Talışxanlı da Müsavatdan istefa vermişdi. Fraksiyanın partiya nizamanməsinə əməl edəcəyi və daxili qurum olaraq fəaliyyətini quracağını nəzərə alsaq, partiya üzvü olmayan müsavatçıların burda təmsilçiliyi sual altında düşür.

Tural Abbaslı partiyadan çıxarılan və istefa verənlərin fraksiyada təmsil olunmasının mümkünsüz olduğunu bildirib: "Fraksiya daxili qurum kimi fəaliyyət göstərəcəyi üçün partiyadan xaric olunanlar istəsələr də, orda təmsil oluna bilməyəcəklər. Çünki biz partiyadaxili qurum olaraq demokratikləşməyə və nizamnaməyə əməl edilməsinə çalışacağıq. Belə olan təqdirdə, partiya üzvü olmayanların da orda təmsilçiliyi doğru olmaz. Lakin bu, rəsmi qaydada belə olacaq. Qeyri-rəsmi olaraq o insanlar dostlarımızdır və kənardan bizə dəstək verəcəklər".

Lakin baş verənlərə rəğmən, narazılarla barışmayan Müsavat rəhbərliyi də öz növbələrində sərt bəyanatlar səsləndirməkdədirlər. Məsələn, Müsavat başqanının müavini Gülağa Aslanlı fraksiya yaratmağın doğru qərar olmadığını bildirib: "Bu, nizamnamədə olmayan bir şeydir və partiyanın bütövlüyünə zərər verəcək amildir. Onlar fraksiya yaratsalar belə, bu, özlüyündə bir şey deyil. Çünki nizamnamə bunu tanımır".

Müsavat başqanı Arif Hacılının digər müavini Elman Fəttah isə fraksiyanın heç bir səlahiyyətə malik olmayacağını vurğulayıb: "Mən bir dəfə bu haqda danışmışam. Yenə təkrar edirəm, peşəkar siyasətdə fraksiya məsələsi fərqlidir. Fraksiya yalnız ideoloji fərqlər olanda ortaya çıxa bilər. Amma narazılar Müsavat ideologiyasını qəbul etdikləri halda, fraksiya yaratmaq istəyirlər. Bu, məntiqsizdir. Onların etdiyi, sadəcə olaraq, uşaq cığallığıdır".

Göründüyü kimi, sözügedən məsələ şişdikcə, Müsavatdaxili parçalanma prosesinin də qarşısı alınmamaqdadır. Daha dəqiq desək, artıq bu faktor qarşısıalınmaz prosesə çevrilib. Beləliklə, fraksiya yaradılır, Müsavat isə parçalanır.

Rövşən RƏSULOV

P.S. Əgər nizamnaməyə görə, fraksiyada qeyri-müsavatçıların təmsil olunması mümkünsüzdürsə, bu zaman təşkilatın üç yerə parçalanmasını proqnoz etmək mümkündür. Çünki fraksiyadan kənar qalan narazıların müsavatçılıq ideologiyası ətrafında yeni partiya yaradacaqlarını da nəzərə ala bilərik. Bu isə Müsavatın aşkar olaraq üç qanadda təmsil olunması anlamını verə bilər. Birincisi, Arif Hacılı qanadı, ikincisi Qubad İbadoğlunun fraksiya qanadı, üçüncüsü isə yeni partiyanın yaranması...

Digər xəbərlər