Partiya rəsmiləri: "Bu, mənasız bir iddiadır"
"Nə bundan öncə, nə də indi bu məsələ müzakirə olunmur. Mənim adımdan verilən məlumatlar isə yanlışdır". Bu fikirləri SİA-ya Müsavat Partiyası başqanının müavini, təşkilatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı təmsil olunduğu qurumun AXCP ilə yenidən əməkdaşlıq üçün etdiyi müraciətinə qarşı tərəfin rədd cavabı verməsi barədə yayılan informasiyalara münasibət bildirərkən deyib.Müsavat rəsmisi bildirib ki, Müsavat Divanında əməkdaşlıq barədə məsələlər müzakirə olunsa da, Xalq Cəbhəsi ilə birbaşa əməkdaşlıq məsələsi barədə ümumiyyətlə söhbət aparılmayıb: "Müzakirələrdə seçkilərdə iştirak, iştirakın formaları, birgə mübarizənin təşkili, qanunvericiliyin dəyişdirilməsi istiqamətində siyasi partiyalarla müzakirələrin aparılması məqsədəuyğun hesab olunub. Müsavat tərəfindən digər partiyalara, xüsusilə AXCP-yə əməkdaşlıq təklifi edilməyib. Bu, yanlış məlumatdır".Sözügedən məsələ ilə bağlı Müsavat Partiyasının digər rəsmisi – partiyanın Məclis üzvü Mustafa Hacıbəylinin də fikirlərini öyrəndik. Məclis üzvü deyib ki, AXCP ilə əməkdaşlıq məsələsi mümkün deyil və bu ətrafda yayılan informasiyalar həqiqəti əks etdirmir: "Bu boyat bir şeydir. Ümumiyyətlə, bu barədə məlumatsızam. Amma bizim çoxdan təftişimiz olub və bu mövzu ətrafında hər bir suala cavab verilib. Ona görə də bu kimi iddiaları mənasız hesab edirəm".
sia.az