Yaxud Müsavat daxilində daha bir ittiham faktoru
Müsavat partiyasında cərəyan edən ziddiyyətlərə daha biri əlavə olunub. Belə ki, bu dəfə birbaşa hədəf başqan Arif Hacılı deyil, Qubad İbadoğludur. Daha dəqiq desək, narazı qrupun digər qanadına rəhbərlik edən və nəyin bahasına olursa-olsun, partiya daxilində fraksiya yaradacağını bəyan edən Tural Abbaslı narazılar qrupunun digər rəhbəri, hazırda "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nin təsis edilməsi istiqamətində hazırlıqlarını davam etdirən Qubad İbadoğlunu mövqelərini Arif Hacılının maraqlarına qurban verdiyini iddia edib. Beləliklə, Tural Abbaslı bununla demək istəyib ki, əgər narazılar bir fraksiya ətrafında cəmləşsəydilər, Arif Hacılının başqanlığına qarşı birgə müxaliflik edərək, uğurlar əldə etməyə nail olardılar.
Tural Abbaslı: "Partiyada "asacağıq, kəsəcəyik" ritorikasının davam etməsi bu vəziyyəti daha da gərginləşdirir"
Məsələn, "Müsavat partiyasının ən azı əvvəlki səviyyəyə qalxması üçün partiya daxilində fraksiya yaradılması labüddür"-deyə qeyd edən Tural Abbaslının fikrincə, partiyada "asacağıq, kəsəcəyik" ritorikasının davam etməsi bu vəziyyəti daha da gərginləşdirir. Tural Abbaslı hesab edir ki, Qubad İbadoğlunun indiki məqamda hərəkat yaradılması uğursuz addım idi: "Çünki bu, partiyadaxili narazıların gücünün parçalanmasına, fraksiya yaradılması fonunda qeyri-müəyyənliyə səbəb oldu. İnsanlarda "fraksiya yaradılacaqmı, hərəkatın məqsədi nədir, partiyada qalacağıq, yoxsa çıxacağıq" kimi suallar yarandı. Təşkilatlanma, yaradılma yaxşıdır, amma partiya daxilində struktur kimi formalaşsaydı, daha faydalı olardı. Təşkilatın Müsavatdan kənarda yaradılması o deməkdir ki, partiya daxilindəki mövqelərimizi Arif Hacılı və onun komandasına təhvil veririk və özümüzə kənarda platforma yaratmağa çalışırıq".
"Yeni hərəkatla onların partiya daxilində mövqeləri zəifləyəcək, nəinki möhkəmlənəcək"
Lakin bütün bunlara rəğmən, Tural Abbaslı yaratmaq iddiasında olduğu fraksiyanın fəaliyyəti müddətinə zaman ehtiyacının olduğunu deyib: "Biz fraksiya yaratmaq naminə yaradılmasını istəmirik. Nəzərdə tutduğumuz heyətin fraksiyada təmsil olunmasında maraqlıyıq. Burada narazı rayon təşkilatlarının sədrləri, məclis üzvləri, partiya daxilində söz sahibi olan insanlar, cəmiyyət tərəfindən qəbul olunan müsavatçılar təmsil olunmalıdır. Həm partiya daxilində fraksiyanın çəkisinin olması, həm də cəmiyyət tərəfindən qəbul olunması üçün bu insanlara ehtiyac var. Güman edirəm ki, insanlar fraksiya fikrinə gələcəklər, əks halda Müsavat üçün işıqlı bir şey görmürəm. Partiyadaxili narazıların böyük əksəriyyəti hələ hərəkatda təmsil olunmurlar. İndiki siyasi vəziyyətdə yaranacaq hansısa qurumun özünə yer edə biləcəyini, cəmiyyət tərəfindən qəbullanacağına inanmıram. Oturuşmuş siyasi arenaya yeni oyunçular çıxarmaq heç də asan məsələ deyil. Yenə də Qubad bəy və tərəfdarları öz hüquqlarından istifadə edirlər. Amma düşünürəm ki, yeni hərəkatla onların partiya daxilində mövqeləri zəifləyəcək, nəinki möhkəmlənəcək".
Belə bir vəziyyət isə partiyanın 2015-ci ildə keçiriləcək parlament seçkilərindəki iştirakına çox ciddi əngəllər törədəcək
Tural Abbaslı qurultaydan sonra fraksiya barədə fikirlərini söyləyərkən, onun həmin fikirlərinin Müsavatın eks-başqanı İsa Qəmbər və hazırkı başqan Arif Hacılı tərəfindən sərt qarşılandığını da xatırladıb. Bu səbəbdən, ehtimal etmək mümkündür ki, artıq partiya daxilində ayrı-ayrılıqda formalaşmış narazılar qrupunda da ciddi fikir ayrıqlıları yaranmaqdadır. Bu amil isə narazıların Müsavat rəhbərliyi və bir-birləri ilə qarşıdurmaları nəticəsində situasiyanın daha da gərginləşməsinə səbəb olacaq. Belə bir vəziyyət isə partiyanın 2015-ci ildə keçiriləcək parlament seçkilərindəki iştirakına çox ciddi əngəllər törədəcək.
Mübariz QULİYEV