Əli Kərimlini Arif Hacılının rədd edilməsinin əsas səbəbləri
Azərbaycanda hər seçkiöncəsi AXCP-Müsavat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir. Hətta bu faktorun bir ənənə şəklini alması iddiaları da özünü kifayət qədər doğruldub. 1992-ci ildən başlayaraq AXCP-Müsavat arasında gözdə görünməsə də bəzi hallarda daha kəskin xarakter alan qarşıdurma mövcuddur. Xüsusilə, qeyd etmək mümkündür ki, ənənəvi qarşıdurmalar hələ "Yurd" qrupunun daxilindən qaynaqlanaraq hazırkı həddə qədər inkişaf edib. Bəlli olduğu kimi, hələ 90-cı illərin ortalarında parçalanmamış AXC-nin tərkibində yaradılan "Yurd"-a rəhbərliyi Əli Kərimli edib. "Yurd"-un əsas məqsədi Əbülfəz Elçibəyin siyasi arenadan kənarlaşdırılması, eləcə də Əli Kərimlinin cəbhənin sükanı arxasına keçməsi ilə bağlı olub ki, bu istiqamətdə davamlı işlər aparılıb. Hətta mərhum Elçibəyin haqqında partiyaya məxsus "Azadlıq" qəzetində çirkin yazılar yazdıran Kərimli lideri barədə ifadə edilməyəcək dərəcədə təhqirlər səsləndirirdi. Belə olan halda, partiyanın parçalanması da labüd hala söykənirdi. Bu gün AXCP-nin bir neçə qanada - KXCP-yə, BAXCP-yə, DİP-ə və BQP-yə ayrılması arxasında da məhz Əli Kərimli amilinin dayanması şübhəsizdir.
Belə olan halda AXCP və Müsavat partiyaları arasında yaşanan düşmənçilik və qarşıdurmalardan sonra "birliyin" olması gülünclükdür. Elə bu səbəbdən də bu günlərdə Müsavat başqanı Arif Hacılının AXCP sədri Əli Kərimli ilə görüşdə qarşı tərəfdən rədd cavabı alması da belə düşünməyə zəmin yaradır. Düzdür, Müsavat başqanı baş tutan görüş barədə uğursuz siyasi gediş cəhdi edərək, guya həmin görüşün pozitiv notlara kökləndiyini iddia etsə də, ilk görünən budur ki, Əli Kərimlinin onun partiyasına və şəxsiyyətinə qarşı münasibəti elə əvvəlki tək də qalmaqda davam edir. Məsələn, Arif Hacılı Əli Kərimli ilə görüşü barədə deyib ki, görüş iki saata qədər davam edib. Yəni görüşün uzunmüddətli keçirilməsi ortada olan narazılığın və ziddiyyətin ilk göstəricisi kimi qiymətləndirilir. Çünki əgər ortada anlaşma olsaydı, bu görüşün müddəti uzağı bir saat davam edərdi. Lakin bu, baş vermədi.
Sözügedən məsələ ilə bağlı AXCP funksionerləri belə "birliyə" ehtiyac olmadığını bildiriblər.
Fuad Qəhrəmanlı: "Müsavat kimi özümüzü gündəmdə saxlamağa ehtiyacımız yoxdur"
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məsələyə münasibətində etiraf edib ki, onun təmsil olunduğu təşkilat, ümumiyyətlə, Müsavat partiyası ilə birgə əməkdaşlıq etməkdə maraqsızdır: "Bunlar AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət ayırmağa nə vaxtımız var, nə də həvəsimiz". F. Qəhrəmanlı onu da vurğulayıb ki, istər seçkilərdə, istərsə də seçkilərdən kənar olaraq, Müsavatla əməkdaşlığa getməyəcəklər. Sitat: "Partiyanın yeni proqramının hazırlanması istiqamətində də işlər aparılır. Parlament seçkilərinə "Milli Şura" formatında gedəcəyimizi düşünürük. Belə ki, təmsil olunduğum partiya "Milli Şura"dan kənarda qalan heç bir digər siyasi təşkilatla seçkilərə qatılmağı nəzərdə tutmayıb. Bu baxımdan, AXCP parlament seçkilərinə "Milli Şura" ilə gedəcək və kənarda qalan müxalifət partiyalarına heç bir təklif irəli sürməyəcək".
F.Qəhrəmanlı "Necə bir birliyə ehtimad etməli" başlıqlı statusunda Müsavata etibar edilmədiyinə də işarə vurub. Bildirib ki, "Milli Şura"nın koordinasiya şurasına seçkilər çox uğurla keçib: "21 nəfərlik tərkibə baxmaq kifayətdir ki, təkcə müxalifətin elitasının "Milli Şura"da birləşdiyini görəsən. Bu tərkibdə həm ziyalılar, həm siyasətçilər, həm də vətəndaş cəmiyyətinin nümayəndələri var. "Milli Şura" real müxalifətin birliyidir. Ona görə də "Milli Şura" ilə birlikdə olmağa iradəsi çatmayan, qrumu tərk edənlər təkcə müxalifətin birliyindən deyil, həm də xalqın inamından özlərini kənarlaşdırıblar. Birlik mexaniki məfhum deyil, siyasi mübarizəyə münasibətdə ortaq prinsip və baxışlara söykənməlidir".
Bütün bu proseslər bir daha göstərir ki, daima intriqa və qarşıdurmalarda olan hər iki partiya bu dəfə də birgə əmkdaşlıq formatına gedə bilməyəcəklərini təsdiqləyir.
Rəfiqə HÜSEYNOVA