Partiya rəhbərliyi parlament seçkilərinə qatılmayacaq
Azərbaycan Liberal Partiyanın (ALP) bu ilin payızında keçiriləcək parlament seçkilərində iştirakı baş tutmaya bilər. Belə ki, son zamanlar adıçəkilən siyasi təşkilat digər müxalifət partiyaları ilə birgə nə bloklarda, nə də ki, birliklərdə təmsil olunmur. Daha dəqiq desək, öncəki parlament seçkilərində ALP tərəfindən göstərilən fəallıq hazırda görünmür. O cümlədən, partiyanın vaxtilə AXCP və Müsavat kimi siyasi təşkilatlarla da iş birliyi mövcud deyil. Bu isə ALP-nin tamamilə iflic olmasının göstəricisi kimi görünməkdədir.
Lalə Şövkətin ciddi olaraq xəstələnməsi barədə xəbərlər dolaşmaqdadır
Bu arada partiyanın sədri Əvəz Temirxan da bildirib ki, parlament seçkilərində iştirakla bağlı heç bir qərar verilməyib. Hətta ALP-nin lideri Lalə Şövkət Hacıyeva da seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürməyəcək. Lakin ortada üstüörtülü məqamların da olması aşkar görünməkdədir. Daha dəqiq desək, son zamanlar Lalə Şövkətin ciddi olaraq xəstələnməsi barədə xəbərlər dolaşmaqdadır. Düzdür, Əvəz Temirxan bu amili "yüngül xarakterli qrip" (zökəm) kimi təsvir etsə də, əldə etdiyimiz səhih məlumatlar belə düşünməyə imkan vermir. Belə ki, hazırda Lalə Şövkətin müxalifət kuluarlarında görünməməsinin əsas səbəbi onun yataq xəstəliyinə tutulmasıdır. Hətta onun xarici ölkələrin birində müalicə alması, ancaq keçdiyi müayinələrin nəticəsiz qalması da məlumatlar sırasındadır.
Bir müddət öncə partiya liderinin sorağı Rusiyadan gəlmişdi
Maraqlıdır ki, Əvəz Temirxan nəyə görəsə Lalə Şövkətin xəstəliyini ört-basdır etmək üçün var gücü ilə çalışır, bu barədə real faktları ictimailəşdirən jurnalistləri hədəfə alaraq, bu ətrafda olan informasiyaların yalan olduğunu iddia edir. Sitat: "Sadəcə olaraq, bir balaca qrip olmuşdu. Ancaq bəzi jurnalistlər öz təxəyyülünün məhsulu olan məqalələr yazdılar. Bunlar yalandır. Lalə xanım hazırda Bakıdadır və səhhətində heç bir problem yoxdur, gündəlik mətbuatı, siyasi prosesləri diqqətlə izləyir, partiyaya müvafiq tapşırıqlarını verir".
Bu zaman belə bir sual yaranır: əgər Lalə Şövkət Hacıyeva ciddi xəstə deyilsə, Bakıdadırsa və partiyada müvafiq tapşırıqlar verirsə, nəyə görə ALP-nin müxalifət düşərgəsində izi-tozu belə görünmür. Çünki digər müxalifət partiyaları artıq müəyyən fəaliyyət göstərərək, ən azından seçkilər ətrafında ideyalarla çıxış edirlər. Ancaq ALP, ümumiyyətlə heç bir fəaliyyəti ilə seçilmir. Eyni zamanda, Əvəz Temirxan bir neçə ay öncə də bəyan etmişdi ki, Lalə Şövkət kənddə dincəlir. Ancaq partiya liderinin sorağı Rusiyadan gəlmişdi. Bu baxımdan, ALP sədrinin öz liderinin xəstəliyini ciddi-cəhdlə gizlətməsində bəzi müəmmalar yaranmağa başlayır. Çünki Lalə Şövkətin parlament seçkilərinə qatılmamasını da məhz Əvəz Temirxan deyib. O, qeyd edib ki, Lalə Şövkət 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizəd olmayacaq.
Göründüyü kimi, ALP liderinin ortada görünməməsi, əslində Əvəz Temirxanın işinə yarayır. Çünki Lalə Şövkət Hacıyevanın siyasi proseslərdən kənarda qalması sədr Əvəz Temirxanın partiyadakı yolunu açmaqdadır. O, bundan istifadə edərək, ən azından, öz namizədliyini irəli sürəcək. Bununla da ALP-də Lalə Şövkət erasının sonu rəsmən təsdiqlənəcək.
Mübariz QULİYEV