Arif Hacılının başqan olduğu müddətdə onu dəstəkləməyən adamları partiyadan uzaqlaşdırmaq istəkləri öncədən bəlli idi. Yəni, ətrafın təmizlənməsi prosesi qabaqcadan məlum idi". Sözügedən fikirləri SİA-ya partiyanın Qadınlar birliyinin sədri Ellada Məmmədli son günlər təşkilat daxilində cərəyan edən ziddiyyətli prosesləri şərh edərkən deyib. Ellada Məmmədlinin fikrincə, bu məsələlər qurultaya qədər onlara məlum olsa da, düşünürdülər ki, demokratik cəmiyyətdə bu kimi hallar baş verməz: "Amma təəssüf ki, Arif Hacılı başqan olduğu 5 ay müddətində Müsavat idealogiyasını rəhbər tutub işləməməyi ilə yanaşı, dönəm-dönəm onu dəstəkləməyən adamları partiyadaxili münasibətlərdə, sosial şəbəkələrdə aşağıladı".
"Bu insanın əməli ilə sözünün üst-üstə düşməməsi son proseslərdə özünü daha aydın göstərdi"
Partiyanın Qadınlar şurasının sədri başqan Arif Hacılının mətbuatda və partiyanın tədbirlərində dediyi sözlərin hazırkı fəaliyyəti ilə uzlaşmadığını bildirib: "Mətbuatda "mən qucağımı hər kəsə açıram" ifadələri ilə çıxış etməsinə baxmayaraq, əməlində bu ifadələri əks etdirmədi. Bu insanın əməli ilə sözünün üst-üstə düşməməsi son proseslərdə özünü daha aydın göstərdi. Əslində o, bu sözləri Qubad İbadoğlunun tərəfdarlarına yönləndirib ki, guya o hər kəsə qucaq açır, amma biz onu dəstəkləmirik".
"Qapalı qrupda mənə qarşı özlərinin cılız hərəkətlərini göstərməyə, nalayiq ifadələr səsləndirməyə başladılar"
Müsavat rəsmisi həmçinin, partiyanın digər funksioneri Vəfa Cümşüdlü barədə irəli sürdüyü fikirlərinə də aydınlıq gətirib. O qeyd edib ki, 22 dekabr 2013-cü ildə Müsavat qadınlarının birliyə sədr seçimində Vəfa Cümşüdlüyə müəyyən bir səslə, hətta kifayət qədər səs çoxluğu ilə qalib gəlib. Məhz bundan sonra bir sıra müsavatçıların sosial şəbəkədə yaratdıqları gizli qrupda ona qarşı hücumlara start verilib: "Qalibiyyətimin sonrakı günündən başalayaraq, qapalı qrupda mənə qarşı özlərinin cılız hərəkətlərini göstərməyə, nalayiq ifadələr səsləndirməyə başladılar. Qadınlar birliyinə keçirilən seçkini saxta adlandırmaqla yanaşı, böhtan-şər xarakterli ifadələrini də qıcıq formasında ünvanıma yönləndirildi. Şura üzvü seçilmiş Vəfa Cümşüdlü və Sevinc Hüseynovanı dəfələrlə Qadınlar birliyinin keçirdiyi tədbirlərə dəvət etsəm də, o tədbirlərdə iştirak etmədilər. Məmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə keçirilən tədbirimizdə belə, iştirakı qəbul etmədilər. Bunlar azmış kimi, birliyə alternativ qruplar yaratdılar. Bunun da yalnız bir izahı var, o da Vəfa Cümşüdlünün kreslo davası etməsidir".
"Vəfa Cümşüdlü Qadınlar birliyini fəaliyyətsizlikdə ittiham edərək birliyin ləğv edilməsi fikrini irəli sürdü"
Ellada Məmmədli son olaraq bildirib ki, Vəfa Cümşüdlü ona qarşı yalnız şər-böhtan atmaqla məşğuldur: "Bu qadın partiyanın Divanında bir sədr kimi mənim işimə ləkə gətirmək məqsədi ilə Qadınlar birliyini fəaliyyətsizlikdə ittiham edərək birliyin ləğv edilməsi fikrini irəli sürdü. Bu isə qeyd etdiyim fikirləri bir daha təsdiq etmiş olur".Xatırladaq ki, Ellada Məmmədli Qubad İbadoğlunun yaxın tərəfdarı kimi yaradılan "Azərbaycan Demokratiya və Rifah" hərəkatının qurulmasında yaxından iştirak edir və Müsavat Divanını son toplantısında başqan Arif Hacılı ona ya hərəkatda olmağı, ya da partiyada fəaliyyətini davam etdirməyi təklif edib.
sia.az