Yeni yaranan "Azadlıq-2015" bloku uğursuzluğun davamıdır
Bu günlərdə "Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzi"nin (SPDİHM) toplantısında müxalifətin 8 partiyası - Azərbaycan Xalq Partiyası (AXP), "Azadlıq" Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası( KXCP), "Aydınlar" Partiyası, Azad Demokratlar Partiyası (AzDP), "Vətəndaş və İnkişaf Partiyası" (VİP), "Böyük Azərbaycan" Partiyası (BAP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) "Azadlıq-2015" Seçki Blokunun yaranması ilə bağlı qərar qəbul edib. 3 partiya - Müsavat, Azərbaycan Demokrat və "Ümid" isə seçki blokundan kənarda qalıb.
Nəticə nəticəsizlikdir
Sözsüz ki, yeni yaranan blokun aqibətinin də necə olacağı artıq indidən bəllidir. Çünki Azərbaycan müxalifəti cəmiyyətə vaxtaşırı müxtəlif birliklər və strukturlar təqdim edir. 1993-cü ildən ötən 22 il ərzində müxalifətin çoxlu sayda birlikləri, siyasi və ya seçki blokları ən müxtəlif adlarla mövcud fəaliyyət göstərmiş və son nəticəsi isə uğursuzluq olub. Elə bu məqamda yağışdan sonra çıxan göbələklərlə bir-birinin ardınca çoxalan bu qurumları xatırlatmaq yerinə düşər: "Demokratik Konqres", "Demokratik Blok", "Seçki İslahatı və Demokratik Seçki Uğrunda Hərəkat" ("SİDSUH"), "Bizim Azərbaycan" bloku, "Yeni Siyasət" seçki bloku, "Azadlıq" (əvvəlcə seçki, daha sonra siyasi blok kimi), "Məşvərət Məclisi", "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı", "İctimai Palata" və ... "Ziyalılar Forumu", "EL" hərakatı, "Milli Şura"... Siyahını uzatmaq da mümkündür. Xüsusilə vurğulayaq ki, bunlar əsas müxalifət partiyalarının yaratdıqları nisbətən iri birliklərdir. 2, yaxud 3 və ya 5 partiyanın birləşərək çoxsaylı birlik yaratması da yaxın siyasi tariximizin gerçəkliyidir.
Bəs son 22 il ərzində yaradılan bu göbələk təşkilatların aqibəti niyə bu cür sonluqla yekunlaşıb? Onların uğursuzluğa düçar olmasının səbəbi nədir? Bu suallarla müraciət etdiyimiz siyasətçilərimiz bunun başlıca səbəbinin cəmiyyətin həmin təşkilatlara sosial sifarişi olmadığı ilə əlaqələndirdilər.
Aydın Hüseynov: "Müxalifətin hansı ad altında birləşməsinin Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur"
YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun dediyinə görə, müxalifətin həmişə seçkiöncəsi yaratdıqları yeni qurumların ictimaiyyətin diqqətində qalması üçün hay-küy qaldırırlar: "Azadlıq-2015" Seçki Bloku haqqında da mənasız hay-küy qaldırmağın mənası yoxdur. Əvvəla, deyim ki, belə bir blok və ya qurum yarandı-yaranmadı, Azərbaycanın ictimai rəyinə heç bir təsir göstərməyəcək. Baxın, nəticəsi də göz qabağındadır. Bir də müxalifətin hansı ad altında birləşməsinin Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur. İstəyirlər, adını "Azadlıq-2015" qoysunlar, istəyirlər digər adlar qoysunlar, istəyirlər, əvvəllər qoyduqları adları bir daha qoysunlar, bu da əvvəlkilər kimi gələcək, bir az mətbuatda hay-küy qaldıracaq, sonra yoxa çıxacaq".
A.Hüseynov bildirib ki, "bu müxalifətdə bir şeyi anlamırlar ki, əgər onların sosial dayaqları yoxdursa və əhali tərəfindən müdafiə edilmirlərsə, kimə hansı adı qoymalarının heç bir əhəmiyyəti yoxdur: "Anlamalıdırlar ki, onların qatarı gedib, onların hay-küylərinə heç kim inanmır və onların da arxasınca heç kim getməyəcək və hakimiyyət üçün bu qurumun heç bir mənası yoxdur. Çünki kiçik bir qrupun onları dəstəkləməsi isə hələ sosial baza demək deyil. Reallıq milli qüvvənin Yeni Azərbaycan Partiyası olmasından ibarətdir. Cəmiyyətin böyük bir hissəsini öz sıralarında birləşdirmək, Azərbaycanın bütün coğrafiyası üzrə güclü ərazi təşkilatlarına malik olmaq, cəmiyyətin bütün problemlərinin həlli üzrə səmərəli fəaliyyət proqramlarını təqdim etmək bir reallıqdır. Yeni Azərbaycan Partiyası ümummilli maraqları özündə əks etdirən, milli köklərə söykənən, milli maraqları beynəlxalq aləmdə müdafiə edən bir siyasi partiyadır. 22 il ərzində bu təşkilat müxalifətdən iqtidaradək gəlib çıxıb. Eyni zamanda, artıq 22 ildir ki, hər seçkidən-seçkiyə qalib gəlir. Bu, sözün əsl mənasında, güclü, nüfuzlu cəmiyyətin onun mövcudluğunda marağı olan böyük bir qüvvədir".
Sərdar Cəlaloğlu: "Perspektivi olmayan partiyalarla bir yerdə ola bilmərəm"
ADP sədri Sərdar Cəlaloğlu yaradılan "Azadlıq-2015" Seçki Blokunda iştirak etməmək barədə qərar qəbul etdiyini bildirdi: "Seçki blokunun yaradılması ilə bağlı keçirilən iclasda biz də iştirak etdik, amma "yox" qərarı verdik. Çünki orada elə partiyalar var ki, biz onlarla sıx əməkdaşlıq edə bilmərik. Keçmiş təcrübəyə əsaslanaraq və perspektivi nəzərə alaraq həmin partiyalarla bir yerdə olmamaq qərarını verdik. Biz artıq "Demokratiya və İnsan Haqları Mərkəzi"ndə yoxuq". S.Cəlaloğlu bildirib ki, hazırda "Qarabağ" bloku heç bir partiya ilə danışıqlar aparmır: "Müsavat partiyası, AXCP, AMİP, Liberal partiya və "Qarabağ" bloku seçkilərdə iştirakla bağlı qərar verməyiblər. Əgər ölkənin aparıcı partiyaları birləşə bilmirsə, vahid mövqe ortaya qoymursa, hansı əməkdaşlıqdan danışmaq olar. Azərbaycan müxalifəti heç vaxt indiki qədər qeyri-müəyyən vəziyyətdə olmamışdı".
Beləliklə, yaranan "Azadlıq-2015" Seçki Bloku uğursuzluğun növbəti davamı kimi artıq indidən nəzərə çarpmaqdadır.
Rəfiqə HÜSEYNOVA