Müxalifət partiyasının parlament seçkilərinə qatılması da sual altında qalıb
Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan uzun illərdir ki, müxalifət düşərgəsində mövcud olmalarına rəğmən, heç bir uğur qazanmadıqlarına görə, digər müxalifət partiyaları ilə payızda keçiriləcək parlament seçkilərinə blok şəklində qatılmayacağını dolayısı ilə etiraf edib. "Müxalifət daxilində formalaşmış münasibətlərin tarixini nəzərə alaraq hər hansı seçki blokuna qoşulmayacağıq"-deyə qeyd edən ALP sədri eyni zamanda bildirib ki, bu günlərdə bir neçə "cırtdan" partiyanın cəmləşdiyi və "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi"nin yaratdığı "Azadlıq-2015" adlı seçki bloku ilə də heç bir əməkdaşlıq etməyəcək.
Əvəz Temirxan irəli sürdüyü ideyasının başqa müxalif dairələrdə qəbul edilməyəcəyini yəqinləşdirib
Əvəz Temirxan seçki bloku variantının səmərəsiz nəticə verəcəyini bildirib və növbəti uğursuzluğa düçar olmamaq üçün hətta parlament seçkilərinə qatılmayacaqları barədə də dolayı etiraflar edib: "Ən yaxşı variant hər dairədən bir müxalifət namizədinin olmasıdır. Başqaları blok kimi getməyi düşünürlərsə, onlara uğurlar diləyirik".
ALP sədrinin sözlərini proqnozlaşdırarkən məhz belə bir nəticəyə gəlmək mümkündür ki, onun "hər dairədən bir müxalifət namizədi olmasıdır" ideyası bəri başdan rədd edilir. Daha dəqiq desək, Əvəz Temirxan irəli sürdüyü ideyasının başqa müxalif dairələrdə qəbul edilməyəcəyini yəqinləşdirib. Məhz bu baxımdan, yuxarıda qeyd edilən fikirləri irəli sürərkən, Temirxan siqnal verib ki, rəhbəri olduğu partiyası ya seçkilərə qatılmayacaq, ya da qatılmamasını sığortalamaq üçün ideyasının qəbul edilməsini önə çəkəcək.
Mübariz QULİYEV