PDF Oxu

Müxalifət

  • 29

Pənah Hüseyn Müsavatla əməkdaşlığa son qoydu

Pənah Hüseyn Müsavatla əməkdaşlığa son qoydu

Arif Hacılı İsa Qəmbərdən fərqli olaraq, AXP sədrindən uzaqlaşmaq fikrindədir

"Azadlıq"-2015 seçki bloku ətrafında yaranan qalmaqal səngimir. Belə ki, Müsavatın, ADP-nin və "Ümid"in digər müxalifət partiyalarının da təmsil olunduğu "mərkəz"dən çıxaraq, parlament seçkilərinə müstəqil qatılmaq iddilarından sonra, həmin "mərkəz"də bu partiyalarla əməkdaşlıq edən siyasi təşkilatlar da çətin vəziyyətlə qarşı-qarşıya qalıblar. Belə ki, daha çətin vəziyyətdə qalan partiyalardan biri Pənah Hüseynin sədri olduğu Azərbaycan Xalq Partiyasıdır. Daha dəqiq desək, AXP sədri uzun müddət Müsavat partiyası ilə yaxınlıq edib və bu əməkdaşlığın sayəsində ayaqda qalmağı bacarıb. Lakin bu günlərdə Müsavatın "mərkəz"dən çıxaraq parlament seçkilərinə tək qatılacağı qərarı və AXP-nin "mərkəz"də qalması məsələnin digər təfərrüatlarını üzə çıxarıb. Xatırladaq ki, "mərkəz"də yaradılan "Azadlıq"-2015 seçki blokunda səkkiz siyasi partiya birləşib. İndi blokda cəmləşən partiyalar özlərinin strukturlarını formalaşdırırlar.

Blokun seçki qərargahına Xalq Partiyasının sədri Pənah Hüseyn sədrlik edəcək

Məlumata görə, KXCP, "Aydınlar", "AzDP", "BAP", VİP, ALDP, AXP və "Azadlıq" partiyasının sədri həm də seçki blokunun siyasi şurasının üzvləri hesab olunacaq. Siyasi şura seçki blokunun ali orqanı olacaq. Bundan başqa, blokun seçki qərargahı yaradılacaq. Seçki qərargahına hər partiyadan əlavə bir nəfər cəlb ediləcək. İlkin məlumatlara görə, blokun seçki qərargahına Xalq Partiyasının sədri Pənah Hüseyn sədrlik edəcək. Qeyd edək ki, Pənah Hüseyn 2005-ci ildə də "Azadlıq" seçki blokunun seçki qərargahının rəhbəri olmuşdu və sonradan parlamentə düşə bilmişdi. Digər məlumata görə, Pənah Hüseyn indi də seçki qərargahına rəhbərlik etmək niyyətindədir. Ancaq bunun baş tutub-tutmayacağı bəlli deyil.

İsa Qəmbərin Müsavat başqanlığından getməsindən sonra, yeni başqan Arif Hacılı Pənah Hüseyn amilini qəbul etmir

Lakin məsələ həm də ondadır ki, son 25 ildə seçkilərlə bağlı məsələdə Pənah Hüseyn Müsavat partiyasının mövqeyindən fərqli mövqe nümayiş etdirməyib. Hansı bloka daxil olubsa, orada daha çox Müsavatın irəli sürdüyü təşəbbüs və təklifləri dəstəkləyib. Hazırda isə ilk dəfədir ki, Pənah Hüseyn Müsavatdan fərqli mövqe nümayiş etdirib. Yəni Müsavatın daxil olmadığı seçki blokuna qatılıb və hətta blokun seçki qərargahının rəhbəri vəzifəsini əldə etmək ərəfəsindədir. Bu isə həm də belə qənaətə gəlməyə əsas verir ki, artıq İsa Qəmbərin Müsavat başqanlığından getməsindən sonra, yeni başqan Arif Hacılı Pənah Hüseyn amilini qəbul etmir. Nəticədə AXP sədrinin nəyə görə Müsavatdan kənar şəkildə seçkilərə qatılmaq istəyi bəlli olur. Daha dəqiq desək, Pənah Hüseyn artıq digər partiyaların əlaltısı olmağı düşünmür. Çünki bu dəfə o, parlament seçkilərində qalib olamaq üçün digər partiyaların yardımından faydalanmağı qarşısına məqsəd qoyub.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər